“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.
Sportinfo.az xəbər verir ki, Moldova millisinin sol cinah oyunçusu dönüşünü Misli Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan”la səfər oyununda (2:2) qeyd edib.
2:2 hesabı ilə başa çatan qarşılaşmada fasilədən sonra meydana daxil olan 29 yaşlı futbolçu düz 1 il 9 aylıq – 648 günlük həsrətə son qoyub.
Maraqlıdır ki, Marandiçi buna qədər son çempionat matçını da məhz “Araz-Naxçıvan”a qarşı keçirmişdi.
Belə ki, 2024-cü ilin noyabrın 24-dəki qarşılaşmanı əvəz edilmədən keçirən müdafiəçi sağaldıqdan sonra ilk matçını da naxçıvanlılara qarşı reallaşdırıb.
Lakin o, həmin vaxt “Araz-Naxçıvan”la görüşdən 9 gün sonra – dekabrın 3-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”la oyunda zədələnmişdi.
Görüşün 20-ci dəqiqəsində rəqibin hücumçusu Pavol Şafrankonun kobud müdaxiləsindən sonra fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçu əməliyyat olunmuşdu.
Denis Marandiçi 2023-cü ilin əvvəlindən “Turan Tovuz”un formasını geyinir. Onun dönüşünün bu qədər yubanmasında həkimlərin də günahı var. Moldovalı müdafiəçinin ilk əməliyyatı uğursuz olmuşdu.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
