“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Sky Sports News” müxbiri Danyal Xana müsahibə verib.
Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis “Mançester Yunayted”lə taktiki və fiziki baxımdan müqayisə aparmağın doğru olmadığını bildirib.
“Düşünmürəm ki, özümüzü “Mançester Yunayted”lə taktiki və ya fiziki baxımdan müqayisə etməliyik. O, “Mançester Yunayted”dir və mənim fikrimcə, dünyanın ən böyük klubudur” - Dambrauskas söyləyib.
Mütəxəssis komandasının Çempionlar Liqası təcrübəsinin az olduğunu vurğulayıb:
“Komandamda yalnız bir futbolçunun Çempionlar Liqasında oynamaq təcrübəsi var. Buna görə də indi onlara necə müqavimət göstərəcəyimizi və ya onları necə üstələyə biləcəyimizi təxmin etməyin mənası yoxdur.
Çempionlar Liqası həqiqət anı olacaq. Nəyə qadir olduğumuzu, rəqibə mübarizə təklif edə biləcəyimizi və təşəbbüsü öz əlimizə almağı bacarıb-bacarmayacağımızı görəcəyik. Burada bir çox sualın cavabını alacağıq”.
“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gəlib.
“Old Trafford” stadionundakı qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb.
