Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq "Birbaşa Bakı"nın E qrupunda İngiltərə təmsilçisi "Ardeleni" ilə oyunu asan olmayacaq.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında klubun rumıniyalı baş məşqçisi Marius Mitu deyib.
Mütəxəssis E qrupundakı rəqibləri dəyərləndirib:
"Slovakiya komandasını tanıyıram və bu ölkənin millisində bəzi futbolçularla birlikdə çalışmışam. Macarıstan təmsilçisi haqqında isə yalnız onu bilirəm ki, heyətində millidə çıxış edən xeyli oyunçu var.
Bu da onların ciddi rəqib olacağından xəbər verir. İngiltərə kollektivinin heyətində isə çoxlu rumıniyalı idmançının yer aldığını bilirəm. Onlarla da mübarizə asan olmayacaq".
O, komandanın turnirə hazırlıq prosesindən bəhs edib:
"Artıq hazırlığa başlamışıq və hər şey planauyğun davam edir. Turnirin startına hələ 10 gün vaxt var. Bu müddət ərzində komandanı ən yüksək səviyyəyə çatdırmağa çalışacağıq".
Baş məşqçi yeni transferlər barədə də məlumat verib:
"Heyətə yeni legioner cəlb etmişdik, amma təəssüf ki, yoxlama matçında zədələndi və bizə yararlı ola bilməyəcək. Bundan əlavə, yeni qolkiper və ölkə çempionatından gənc bir oyunçu ilə anlaşmışıq.
Ümid edirəm ki, onlar komandaya müsbət enerji gətirəcək və qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcəklər".
"Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya), "Çikaqo Bandur" (Macarıstan) və "Ardeleni" (İngiltərə) kollektivləri ilə mübarizə aparacaq.
