TRANSFER AÇIQLAMASI – “Onların alınması xoş olardı”

24 Noyabr 2021 17:40 Qəbələ 1 157
TRANSFER AÇIQLAMASI – “Onların alınması xoş olardı”

Büdcəsində kəskin azalma olandan sonra əvvəlki iddialarından xeyli uzaq düşən “Qəbələ” cari Premyer Liqa mövsümündə adından söz etdirməkdədir.

Meydana çıxdığı 11 oyunda yalnız “Qarabağ”la “Sabah”a məğlub olan bölgə təmsilçisi əldə etdiyi 6 qələbə və 3 heç-heçə sayəsində 21 xalla turnir cədvəlinin 2-ci pilləsində yerini bərkidib.

“Qırmızı-qaralar” “Qarabağ”dan sonra ən az top buraxan komandaların başında dayanır. Vurulan qolların sayında da yalnız bu rəqibə uduzub, digərlərini qabaqlayır.

“Qəbələ” qış fasiləsində qədər qalan 3 turda “Qarabağ”la “Neftçi”ni doğma azarkeşləri önündə qəbul edib, “Zirə” səfərinə yollanacaq.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektivin bu qarşılaşmalarda xal ehtiyatını artıra biləcəyini nəzərə alsaq, çempionatın ilk yarısını ilk “3-lük”də qapayacağı inandırıcı görünür.

Uğurlu çıxışı davam etdirmək üçünsə komandanın yanvarda güclənməsinə ehtiyac var. Qarşıda zədəli və cəzalı futbolçuların olacağını şübhə doğurmur. Bunun üçün heyət imkan daxilində güclənməlidir.

Komandanın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bu mövzuda fikirlərini bildirib:

“Bu yöndə danışıqlarımız olmayıb. Hər şey maliyyədən asılıdır. İmkan olsa, təbii ki, güclənməyə ehtiyac var.

Mövqe adı çəkmək istəmirəm, amma azı iki futbolçuya gərək duyuruq. Çempionatdakı yerimizi qorumaq bir yana, qarşıdan kubok oyunları da gəlir.

Üstəlik, turlar irəlilədikcə itkilər də qaçılmazdır. Ona görə də güclənməyimizə səbəbkar olacaq futbolçuların alınması xoş olardı.

Rüfət Əhmədovun yanvar, uzağı fevralda komandanın məşqlərinə qoşulması xəbəri bizi sevindirir. Amma eyni sözləri Yaovi Akakpo haqda deyə bilməyəcəm.

Çünki onun əməliyyatı gecikdi, yaşıl meydanlara dönüşü ən yaxşı halda apreldə mümkün olacaq. İndi nəsə demək çətindir. Qarşıdakı matçları oynayaq, inşallah, görək nə olacaq, hansı qərar veriləcək”.

“Qəbələ” 2019-20 mövsümünü 8 komanda arasında sonuncu, 2020-21 mövsümünü 7-ci pillədə başa vurmuşdu.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti