"Sabah”ın oyunçuları “Mançester Yunayted”ə qarşı Çempionlar Liqasının əsas mərhələsinin debüt matçı ərəfəsində emosiyalarını gizlətməyiblər.
Sportinfo.az “The Guardian”a istinadən xəbər verir ki, qarşılaşmanın başlamasına təxminən 1 saat 30 dəqiqə qalmış Masazır klubunun bir neçə futbolçusu demək olar ki, boş olan “Old Trafford”un meydanına çıxıb.
Qeyd olunur ki, “Sabah”ın futbolçuları əllərində telefonlarla meydanda gəzib, tezliklə azarkeşlərlə dolacaq məşhur stadionu foto və videoya çəkiblər. Britaniya nəşri oyunçuların əhvalına da diqqət çəkib.
Futbolçular klub tarixindəki bu əlamətdar matç öncəsi stadionun atmosferini təbəssümlə lentə almağa çalışıblar.
Maraqlı epizod qarşılaşmadan bir gün əvvəl “Sabah”ın “Old Trafford”da keçirilən açıq məşqi zamanı da yaşanıb.
Britaniyalı jurnalist Aadam Haladın məlumatına görə, Masazır klubunun futbolçularından biri meydana çıxarkən “Mançester Yunayted” azarkeşlərinin məşhur “Glory Glory Man United” mahnısını oxumağa başlayıb.
Daha iki “Sabah” futbolçusu isə meydana çıxdıqdan sonra Kriştianu Ronaldunun məşhur “Siu” qol sevincini təqlid edib. Hər iki epizodda futbolçuların adları açıqlanmayıb.
“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsindəki oyununu sentyabrın 10-da keçirib. Bakı təmsilçisi “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

