FIFA futbolçuların müqaviləsinə xitam verilməsi ilə bağlı qaydaları dəyişməyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, dünya futbolunun ali qurumu oyunçuların klublardan ayrılmaq istədiyi zaman yaranan mübahisələrin qarşısını almaq üçün yeni qaydalar tətbiq edəcək.
Yeni qaydalara əsasən, futbolçunun müqaviləni birtərəfli qaydada pozması üçün müəyyən edilən məbləğ transferin şərtlərinə və vəziyyətə ağlabatan şəkildə uyğun olmalıdır.
Bununla tərəflərdən hər hansı birinin həddindən artıq məbləğ müəyyənləşdirərək futbolçunun transferinə mane olmasının qarşısının alınması hədəflənir.
Dəyişikliyin bu yay “Atletiko” (İspaniya) ilə Julian Alvares arasında yaşanan vəziyyətlə bağlı olduğu bildirilir.
Yüksək sərbəstqalma məbləğləri və klubların futbolçularını satmaq üçün danışıqlara getməkdən imtina etməsi səbəbindən bir sıra transferlərin baş tutmaması FIFA-nı qaydaları yeniləməyə sövq edib.
Qeyd olunur ki, indiyədək müqavilənin pozulmasına görə kompensasiya hər bir iş üzrə ayrıca müəyyənləşdirilib və bunun üçün dəqiq metodologiya və aydın meyarlar olmayıb.
Yeni dəyişikliklərlə bu sahədə daha ədalətli sistem yaradılması nəzərdə tutulur.
FIFA-nın Müqavilə pozuntuları və sərbəst qalma şərtlərini tənzimləyən 17-ci maddəsinə dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
