“Avtobus” qurmadı, “Mançester Yunayted”in müdafiəsinə suallar vermək istədi

14:40 Sabah 95
“Avtobus” qurmadı, “Mançester Yunayted”in müdafiəsinə suallar vermək istədi

Əgər dünənki “Mançester Yunayted” - “Sabah” oyununa yalnız hesab baxımından yanaşsaq, 4:0 məğlubiyyət, əlbəttə, ağır görünür. Amma bu qarşılaşmanı təkcə tabloya baxaraq qiymətləndirmək düzgün olmaz. “Sabah” üçün bu, klub tarixində ilk Çempionlar Liqası matçı və “Old Trafford” kimi bir stadionda Avropanın ən böyük klublarından birinə qarşı ilk ciddi sınaq idi.

Məncə, “Sabah”ın bu oyundakı ən müsbət tərəfi qorxaraq və yalnız müdafiə olunaraq oynamaması idi. Komanda 4-3-3 düzülüşündə meydana çıxdı və ilk dəqiqələrdən rəqibə qarşı yüksək pressinq tətbiq etməyə çalışdı. İngiltərə mətbuatında da bu məqam xüsusi qeyd olunub. “Sabah” ilk 27 dəqiqə ərzində aqressiv pressinqi uğurla həyata keçirib, topa sahib olarkən inamlı görünür və oyunu irəli aparmağa çalışırdı. Eyni mənbə komandanın “avtobus” qurmadığını, əksinə, “Mançester Yunayted”in müdafiəsinə suallar vermək istədiyini vurğulayır.

Hətta hesab 1:0 olarkən, “Sabah”ın oyuna qayıtmaq üçün real şansı da yarandı. Kaheem Parris sağ cinahdan cərimə meydançasına top göndərdi, Joy-Lance Mickels isə müdafiəçilərdən azad vəziyyətdə başla zərbə endirdi, lakin top qapıdan kənara getdi. Bu epizod oyunun dönüş nöqtələrindən biri ola bilərdi. Bir neçə dəqiqə sonra isə “Mançester Yunayted” fərdi keyfiyyətini göstərərək hesabı artırdı.
Taktiki baxımdan isə “Sabah”ın əsas problemi məhz yüksək səviyyəli oyunda müdafiədən hücuma keçid və arxadan oyun qurmaq zamanı yaranan səhvlər oldu. “Yunayted” xüsusilə top itkisi anlarından çox yaxşı istifadə etdi. İlk qol öncəsi top itkisi, ikinci qolda Tielemans–Fernandes kombinasiyası, üçüncü qolda isə yüksəkdə yerləşən müdafiə xəttinin arxasına ötürmə “Sabah”ın cəzalandırılmasına səbəb oldu. İngiltərə mediası da bu məqamı qeyd edir: “Sabah” topa sahib olarkən müəyyən inam nümayiş etdirsə də, müdafiədə həddindən artıq açıq qaldı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?