Bu mövsüm I Liqada sözün əsl mənasında qırğın olacaq.
Hətta əminliklə demək olar ki, bu dəfəki rəqabət ötən mövsümkü mübarizəni unutduracaq.
“Səbail” yeni sponsorun “çətirinin altına” keçəndən sonra adından söz etdirməkdədir. Premyer Liqa təcrübəsi zəngin olan bir neçə təcrübəli futbolçu Elnur Abdullayevin sərəncamına verilib.
Bu gedişlə heyətin daha da güclənəcəyi şübhə doğurmur.Pula pul deməyən klub rəhbərliyinin məqsədi bir nəfəsə Premyer Liqaya vəsiqə qazanmaqdır.
“Şahdağ-Qusar” baş məşqçi postuna Füzuli Məmmədovu gətirməklə iddiasını ortaya qoymuşdu. Təcrübəli mütəxəssisin gəlişindən sonra edilən transferlər də qusarlıların “az aşan duzu” olmayacağını göstərdi.
Ötən mövsüm iddiasından vaxtından əvvəl qopan bölgə təmsilçisi bu dəfə sona qədər mübarizə aparmaq niyyətindədir.
“Səbail”in hazırkı rəhbər şəxslərinin və baş məşqçinin ötən mövsüm “Şahdağ-Qusar”ın sıralarında olduğunu göz önünə gətirsək, aradakı prinsipiallıq barədə uzun-uzadı danışmağa gərək qalmaz.
Ötən mövsüm “Mingəçevir”in baş məşqçisi kimi Premyer Liqaya yüksəlmək şansını son anda “Qəbələ”ylə pley-off görüşündə əldən verən Ramiz Məmmədov bu dəfə “Karvan-Yevlax”la yola çıxır.
Klub rəhbərliyi kollektivin qarşısına elitaya qaytarmaq tapşırığı qoyub və buna görə I Liqa üçün normal büdcə ayırıb.
Məmmədov “Mingəçevir”dən tanıdığı istedadları yanına gətirib, əlavə olaraq Premyer Liqa təcrübəsinə malik bir neçə transfer edilib. 57 yaşlı mütəxəssis bu dəfəki fürsətdən maksimum yararlanmağa çalışacaq.
MOİK-i də siyahıdan silmək olmaz. Büdcəsi artırılan ordu klubu heyətini Premyer Liqası olan futbolçularla gücləndirib. Yusif Nəbiyev, Kamran Quliyev, Zahid Mərdanov, Emin Zamanov, Elşad Tağıyev, Elmir Rəhimov kimi futbolçular şübhəsiz ki, güclü rəqiblərlə oyunlarda səhnəyə çıxacaq.
Bir ay öncəyə kimi vəziyyət bu cür idi. Çempionluq uğrunda dörd komandanın mübarizə aparacağını təxmin edirdik. Lakin “Cəbrayıl”ın adını dəyişib “Gəncəbasar”a çevrilməsindən sonra vəziyyət 180 dərəcə dəyşib.
Klubun yeni rəhbərliyi baş məşqçi Elhad Nəziri və futbolçular üçün hər cür şərait yaradıb. Nəzirinin istəyinə uyğun yerli və əcnəbi transferlər həyata keçirilib, Göygöldə ideal təlim-məşq toplanışı və yoxlama matçları keçirilib, yenilənmiş Gəncə şəhər stadionu komandanın ixtiyarına verilib.
Bu qədər maliyyə xərcləyən sponsorların məqsədi I Liqadakı yeri qorumaq ola bilməz. Məqsəd iddialılarla ayaqlaşmaq, üst sıralarda yer almaq, mümkün olacağı halda çempionluq uğrunda mübarizə aparmaqdır.
Hələ ki, “sırli qutu” təsiri bağışlayan Gəncə təmsilçisi I Liqanın iddialıları üçün əsl rəqibə çevriləcək. Başlarını ağrıdıb, “dəsman bağlatdıracaq”.
Görəcəksiniz.
HƏBİB / SPORTİNFO.AZ
