“Rəqiblər bizə qarşı müdafiə olunurlar” – “Qarabağ”a yeni gələn

19:40 Müsahibə 134
“Rəqiblər bizə qarşı müdafiə olunurlar” – “Qarabağ”a yeni gələn

“Qarabağ”ın yeni transferi Taofik İsmahil Sportinfo.az-a müsahibə verib.

26 yaşlı nigeriyalı vinger özü və komandası ilə bağlı sualları cavablandırıb.

- Yeni ölkə, yeni klub. Özünü necə hiss edirsən?

- Hər şey qaydasındadır. Zamanla mövcud vəziyyətə uyğunlaşıram. Klubda çalışanlar, komanda yoldaşlarım, məşqçilər – hamı mənə kömək edir. Artıq iki oyuna da çıxmışam. Bu gün xoşbəxt olduğumu deyə bilərəm.

- Sanki komanda yoldaşlarınla anlaşma çətinliyi yaşayırsan.

- Bu, normal haldır. Bir-birimizin oyun üslubunu bilmək üçün bir neçə ay birlikdə çıxış etməliyik. Vaxt keçdikcə yaxşı olacağına əminəm. Çünki nəyə qadir olduğumu bilirəm.

- Meydanda üstün tərəflərin nələrdir?

- Sürət, driblinq, assist, qol, boş mövqe tapmaq – zamanla görəcəksiniz (gülür). İlk oyunumda “Sumqayıt”a qol vurmuşdum, ofsayda görə qeydə alınmamışdı. “Araz-Naxçıvan”la qarşılaşmada isə ilk qolun ötürməsini verdim.

- Azarkeşlər əsl Taofiki görmək üçün nə qədər gözləsinlər?

- Dəqiq tarix demək mümkün deyil, Onu deyə bilərəm ki, məşqlərdə var gücümlə çalışıram. Özüm də “Qarabağ”da ilk qolu vurmaq üçün səbrsizlənirəm.

- Yarımmüdafiənin solu sənə tanış mövqedir, yoxsa?

- Mənim üçün harada oynamağın fərqi yoxdur. İstənilən yerdə çıxış edə bilirəm – yarımmüdafiənin sağı-solu, mərkəzi, hətta hücumçu kimi. Əsas odur baş məşqçi şans versin.

- “Qarabağ” mövsümə 3 qələbə ilə başlasa da, müdafiə xətti etibarlı görünmür. Rəqiblər qapınızdan 3 top keçirməyə nail olub. Bunun səbəbini nədə görürsən?

- Yenilənmiş komandayıq. Bildiyimə görə, yayda komandaya 10 yeni futbolçu cəlb olunub (əslində, say 11-dir – H.). Belə olduğu halda anlaşılmazlıqların yaşanması normaldır. Baş məşqçi çatışmazlıqların aradan qaldırılması üçün lazım olan tapşırıqları verir. Biz də çalışırıq nöqsanları aradan qaldıraq. Daha yaxşı olmaq üçün inkişaf etməliyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?