Çövkən oyunu min illərdir mövcud olduğu üçün Azərbaycan polo idman növünün beşiyidir.
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Polosunun prezidenti Reto Qaudenzi deyib.
O, Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin əhəmiyyətini qeyd edib:
"Biz 13 il əvvəl polo oynamağa başlamışıq. Çövkən oyunu bu torpaqlarda min illərdir mövcud olduğu üçün Azərbaycan polo idman növünün beşiyidir. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze" tərəfindən çimərlik polosunun təşkil olunmasından qürur duyuruq. Bu möhtəşəm kurort zonasında əla hava şəraiti, böyük azarkeş kütləsi və yüksək səviyyəli idman mübarizəsi var".
Dünya Polosunun prezidenti yarışın miqyasından və Bakının üstünlüklərindən söz açıb:
"Dünyada çox az sayda yaxşı çimərlik polosu turniri var ki, onların ən yaxşısı Mayamidə keçirilir. İndi isə Bakı bu səviyyəyə çox yaxınlaşıb. Mayami daha çox çimərlik kurortudursa, Bakı zəngin mədəniyyətə və hər cür imkana malikdir. Çimərlikdə hazırlanan meydança mükəmməldir. Turnirdə Azərbaycan, İsveçrə, Rusiya və İngiltərənin dünya səviyyəli komandaları mübarizə aparır".
O, ilk oyunu da dəyərləndirib:
"Yarışda dünyanın dörd bir tərəfindən gələn əla oyunçular və yüksək keyfiyyətli atlar yer alır. İlk qarşılaşmada İsveçrə komandası İngiltərə kollektivinə gərgin mübarizədə qalib gəldi. Bütün matçlar "PoloLine" vasitəsilə canlı yayımlanır".
Reto Qaudenzi proqnoz vermək istəməyib:
"Mən təşkilatçıyam, buna görə də tərəfsizəm (gülür)! Amma əlbəttə, isveçrəlilər qazansa, çox şad olaram. Həmçinin azərbaycanlılar, ruslar və ya ingilislər qazansa da, şad olaram. Təşkilatçı olanda yaxşı idman olduğu müddətdə hər zaman şad olursan".
Qeyd edək ki, günün ilk matçında "Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları üz-üzə gəliblər. Görüş İsveçrə təmsilçisinin 7:6 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında isə "Elit polo club" (Azərbaycan) "Moscow polo club"la (Rusiya) qarşılaşacaq.
Beynəlxalq turnirə sentyabrın 13-də yekun vurulacaq.
