“Sabah”ın gücü, “Kəpəz”in acizliyi, “Neftçi”nin fərdi ustalığı - Kim(lər) ümid verdi, kim(lər) məyus etdi?

17:00 Premyerliqa 93
“Sabah”ın gücü, “Kəpəz”in acizliyi, “Neftçi”nin fərdi ustalığı - Kim(lər) ümid verdi, kim(lər) məyus etdi?

Kaxaber Tsxadadzenin gedişi "Qəbələ"yə qələbə gətirdi. Bölgə klubu baş məşqçisiz daha yaxşı göründü. Səlahət Ağayevin oyunun xüsusi qeyd etmək lazımdır. Penalti qaytardı, bir neçə vacib seyv etdi. "İmişli" də ən azı bir xala layiq idi, amma buna Ağayev imkan vermədi. Kərim Rossinin qol sevinci qələbə qolundan dəyərliydi. Tribunaya qalxan legionerin fanatlara yaşatdığı xoşbəxtliyi görməyə dəyərdi. Gözəl görüntüləri hakimin sarı vərəqəsi korladı.

Rəqibin çəkisinə baxmadan Gəncə şəhər stadionuna cəm olan 15000 azarkeşə əhsən düşür. 90 dəqiqə 12-ci oyunçu olmağı bacardılar. Amma layiq olmadıqları ağır məğlubiyyət aldılar. Azər Bağırovun "Kəpəz"i yaxşı tanıması, yeni qurduğu kollektivin əla çıxış etməsi qələbənin açarı oldu. Bununla bərabər Azər Məmmədovun bir nömrə oynamaq istəyi də darmadağında az rol oynamadı. Bugünkü "Kəpəz" buna hazır deyil. Seçim səhv idi, nəticəsi də ağır oldu. Növbəti oyunda vəziyyət mütləq dəyişməlidi. Bu cür azarkeşləri belə peşman etmək olmaz. Uduzmaq olar, amma aciz şəkildə yox. Ən azı döyüşmək lazımdır.

"Sabah"ın "Mançester Yunayted"lə oyun öncəsi açıq məşqi Masazırda baş tutdu deyə bilərik.

Hazırkı lider "Zirə"yə qarşı...

Valdas Dambrauskasın komandası "qartallar"ın daşını daş üstə qoymadı.

Ötən mövsümün bombardiri Coy-Lens Mikels 57 dəqiqəyə vurduğu 3 qolla qaldığı yerdən davam edir.

Çempionlar Liqası da son çempionu hələ yormayıb, diridi, eyni sürətlə davam edir.

Azarkeşlər də öz ampluasında- Çempionlar Liqasında oynayan komanda aşağı-yuxarı boş tribunalar önündə oynamalı oldu.

"Zirə"yə belə məğlubiyyət yaraşmadı. Rəqib daha keyfiyyətli komanda ola bilər, bəs mübarizə aparmağa nə söz?

Nə "Kəpəz", nə də Araz Naxçıvan" "Sabah"a belə asan təslim olmamışdı.

"Neftçi" mövsümdə üçüncü qələbəsini də böyük hesabla qazandı. Göstərilən oyun yenə nəticənin kölgəsində qaldı. 3 xalı yaxşı oyun yox, oyunçuların fərdi ustalığı gətirdi. Rüfət Abbasov oyunun adamı idi. Yay fasiləsində edilən transferlərin də ən yaxşısı. Lyubomir Tupta da ən pisi, adam bildiyin bərbaddır. Nə etmək istədiyini bilmir. İqor Ribeyronun ehtiyata göndərilməsi hamıya açıq mesajdır - heç kim toxunulmaz deyil. Yuri Vernidub hədəfləri yüksək olmayan komandaları udmağın yolunu tapıb. Son illər "Neftçi" bu baxımdan ciddi axsayırdı. İndi qalır bərka komandalara qarşı "mən də varam" demək. "Şəfa" ikinci hissənin əvvəlinə qədər heç nə də "ağ qaralar"dan geri qalmırdı. Yayda yığılan kollektiv buraxılan ikinci qoldan sonra sındı, bir də toparlana bilmədi.

Tovuz şəhər stadionunda alışdığımız qələbəlik yox idi.

Oyun istirahət günü, axşam saatları olmasına baxmayaraq, tribunalarda çox sayda boş yer, oyun ərzində fanatların passivliyi diqqət çəkirdi.

Futbolçulardakı qələbə istəyi də əvvəlki qədər yüksək görünmürdü.

İlk 3 turdakı nəticələrin və oyunun gətirdiyi məyusluq aydın sezilirdi.

Bu dəfə qələbə qazanmaq mümkün oldu. Amma bu qələbə Kurban Berdiyevin ömrünü uzatmaqdan başqa bir işə yaramaz.

Yenə meydanda yerli publikanı narazı salan oyun və sürüşkən nəticə.

“Sumqayıt” isə mövsümdə ardıcıl üçüncü məğlubiyyətini aldı.

Komanda mübarizə apardı, döyüşdü, hesabda önə çıxmağı da bacardı. Amma yenə meydandan xalla ayrılmaq müəssər olmadı.

Hələ ki, iddialılara məğlubiyyət müəyyən qədər bəraət qazandıra bilər.

Amma qarşıdakı tur “Şamaxı” ilə oyunda heç bir bəhanəyə yer yoxdur.

"Qarabağ" turu itkisiz başa vurdu. Bu Qurban Qurbanovun komandasına asan başqa gəlmədi. "Araz-Naxçıvan" iki dəfə iki top fərqlə geri düşsə də, təslim olmadı. İntriqanı sona qədər saxladı. Yenilər fərdi pis deyil, kollektiv baxası olsaq problemlər çoxdur. İrəlidə top itkiləri, müdafiədə ciddi boşluqlar var. Fərdi səhvlər çoxdu. 2 qol buraxıldı, bir neçə dəfə müdafiəçilərdən oğurlanan topları "Araz"ın oyunçuları lazımı qədər dəyərləndirə bilmədi. Yenilənmə prosesi o qədər də sürətli getmir.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?