"Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. Formula 1-in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır".
Sportinfo.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.
Nazir beynəlxalq yarışın ölkəımizdə keçirilməsinin əhəmiyyətindən danışıb:
"Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir.
Qran-pri Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək".
Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
