«İmişli»nin rəhbərliyi ictimaiyyəti təəccübləndirməkdə davam edir.
Çempionluğa iddialılardan «Neftçi»nin önünə Sadiq Məmmədzadə ilə çıxmaq…
Bu, ağlasığmaz qərardır. Yusif İmanov kimi Premyer Liqanı içdən tanıyan, böyük təcrübəsi olan birini ehtiyatda əyləşdirib, I Liqadan gəlmiş gənci qapıya qoymaq…
Bunun Fərid Namazovun qərarı olmasına böyük şübhəylə yanaşıram.
Ümumiyyətlə, artıq mənə elə gəlir ki, Namazovun buradakı işi konkretdir - məşq keçmək. Digər məsələlər onluq deyil - taktikanı və əsas heyəti müəyyənləşdirmək kimi.
Azər Salahlını ilk «11-lik»də oynatmaq fkrinin də ondan gəlməsinə inanmıram. İşdir, adını çəkdiyim bu müdafiəçi gələn tur yenə oyuna startdan başlasa, mən daha fərqli şeylər düşünəcəm.
«Neftçi»nin hesabı açdığı epizodu analiz edən baş məşqçi Salahlını hesabdan silər. Citnah ötürməsinin qarşısını kəsmək əvəzini ayağını geri çəkən müdafiəçinin qoldakı «pay»ı Freddi Varqasdan daha çoxdur.
«İmişli» rəhbərliyi, görünür ki, unutqanlıq edir. «Neftçi» ilə ötən mövsümün üçüncü mərhələsində keçirilən və 0:6 hesabıyla bitən məlum qarşılaşmanı yaddan çıxarıblar.
Çox nahaq amma.
Salahlı həmin qarşılaşmada da kobud və gülməli səhvləriylə baş rol almışdı.
Kapitan sarğısını daşıyan müdafiəçi hər dəfə bu cür xətalara yol verirsə, o bazubəndi qolundan açmaq azdır, gedib ehtiyat skamyanı isitməlidir, meydanda işi olmamalıdır.
MUSA
