Gəncədən "Qarabağ", "Neftçi" və digərlərinə mesaj: "Sizə asan olmayacaq"

23:00 Kəpəz 70
Gəncədən "Qarabağ", "Neftçi" və digərlərinə mesaj: "Sizə asan olmayacaq"

"Kəpəz" üçün 3 illik aradan sonra yenilənən Gəncə Şəhər stadionuna bundan möhtəşəm qayıdışı ola bilməzdi.

Qərb derbisi, əzəli rəqib qarşılaşmavə 1:0 hesablı qələbə.

Komanda 90 dəqiqə ərzində qələbəni daha çox istəyən tərəf idi.

Bəli, gəncəlilər keyfiyyət baxımından rəqibindən geri qala bilər.

Amma bu dəfə istək keyfiyyətin önünə keçdi.

Meydan sahibləri xüsusi gündə məğlub olmaq istəmirdilər. İlk hissənin sonları "Kəpəz" aktivləşdi. Ardıcıl uzaq zərbələrlə təhlükə yarada bildi.

Fasilədən sonra isə hesabı açdı.

“Kəpəz” intizamlı oynadı, 90 dəqiqə ərzində rəqibinə ciddi qol fürsəti vermədi və mövsümdə vacib ilk üç xalını qazandı.

Görüşə baxmaq üçün tribunala 13500 tamaşaçı cəm olmuşdu.

Düzdü, açılış günü 15000 tamaşaçı tutumu olan arenanın tam dolacağını ehtimal edirdim.

Olsun, hətta ortalama hər oyuna 5-6 min nəfər gəlsə də az deyil.

İdman qurğusu bu sayda tərəfdarla da meydana, rəqibə təsir etməyə imkan verir.

Azər Məmmədovun yetirmələri ilk oyundaca digər rəqiblərinə açıq mesaj verdi - Gəncədən xal aparmaq asan olmayacaq.

Məncə də asan olmayacaq.

Onsuz da quru keçən ölkə çempionatının belə mesajlara çox ehtiyacı var.

Qalır meydanda icra etmək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?