"Özüm də belə şeydən bezirəm"

14 Aprel 2021 21:00 Qəbələ 1 060
"Özüm də belə şeydən bezirəm"

Sportinfo.az "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun müsahibəsini təqdim edir:

- Uzun müddətdir meydanda olmamağınızın səbəbi nədir?

- Komanda ilə məşq etsəm də, demək olar ki, futbolçu kimi karyeramı bitirmişəm. Lakin məşqi yüksək səviyyədə edirəm, çempionat davam edir. Lazım olduğu halda meydana çıxıb komandama kömək edəcəyəm. Hazırda vəziyyət budur ki, karyeramın sonlarıdır. Artıq sonuncu mövsümümdür.

- Məşqçi kimi fəaliyyət göstərmək istəyirsinizmi?

- İnşallah, məşqçi kurslarında oxumağa başlayacağam. Milli komandada oynadığıma görə C kateqoriyası var. Avqust ayında isə B kateqoriyası üçün imtahan verəcəm.

- 35 yaşınız var, karyeranızı bitirirsiniz. Niyə bizim futbolçular artıq 30 yaşdan sonra "qoca" hesab olunur? Sizin futboldan getməyinizin səbəbi budurmu?

- Əslində oynamaq gücündəyəm. Sadəcə olaraq xroniki zədələrim var. Məşq edirəm, müalicə alıram, amma ağrılar yenə baş qaldırır. Özüm də belə şeydən bezirəm.

- Komandada ab-hava necədir?

- Yaxşıdır, həmişə olduğu kimi. Kollektivimiz gözəldir, məşqçilər korpusundan razıyam. Hər şey yüksək səviyyədədir.

- Ötən həftə "Neftçi" ilə matçda hesabda 2 dəfə önə keçsəniz də, yekun hesab 2:2 oldu.

- Bəli, bu futboldur. Amma biz hər bir komandaya qarşı belə motivasiyada çıxırıq. Həmişə döyüşkən ruhla çalışırıq. "Neftçi" çempionluğa oynayan komandadır. Lakin həmin oyunda hər iki tərəf qalib gələ bilərdi.

- Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstanın "Telavi" klubuna transfer olunub. Orada oynamış futbolçu kimi ona hansısa tövsiyələrinizi vermisiniz?

- O, bizim dostumuzdur. Vüqarla şəxsən danışıb təbrik etmişəm. Gürcüstan liqası çox yaxşı çempionatdır. Özü də görəcək. Ona maraqlı olacaq. Ora futbol oynamaq üçün əla bir yerdir, möhkəmlənmək də olar. Vüqara uğurlar arzu edirəm.

- Çempionatımızın sonuna az qalıb. Bu zaman kəsiyində “Qəbələ”nin hansı nəticəni əldə edəcəyinə ümid edirsiniz?

- Bizim əlimizdən gələn oynamaqdır. Qismətdə dördüncü yer, üçüncü yer və ya beşinci yeri tutmaq varsa, elə də olacaq (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti