Bu komanda artıq bir neçə dəfə ona deyilən “mümkün deyil” sözünün əksini göstərib.
Cəmi doqquz il əvvəl mövcud olmayan klub bu gün “Old Trafford”un ot örtüyünə çıxır.
Bir neçə il əvvəl Azərbaycan futbolunun ənənəvi nəhəngləri ilə mübarizə aparmaq özü böyük hədəf idisə, bu gün “Sabah” dünyanın ən böyük futbol brendlərindən birinə qarşı Çempionlar Liqasının oyununda meydana çıxır.
Ona görə də bu gecənin qiymətini yalnız hesabla ölçmək doğru olmaz.
Əgər “Sabah” “Old Trafford”da öz oyun strukturunu qoruya bilsə, müdafiə ilə hücum arasındakı məsafələri düzgün idarə etsə, topu qazandığı anlarda cəsarətli olsa, sürətli keçidlərdən istifadə etsə və standart vəziyyətlərdə maksimum təhlükə yaratsa, Azərbaycan çempionu “Mançester Yunayted” üçün gözləniləndən qat-qat çətin rəqibə çevrilə bilər.
Tural Latifov: Bəlkə də “Sabah”ın bu oyunda əsas məqsədi sensasiya yaratmaqdan əvvəl başqa bir şeyi sübut etməkdir: Azərbaycan futbolunun ən yüksək Avropa səviyyəsində rəqabət aparmaq potensialı var.
Bu gün “Old Trafford”da təkcə “Sabah” oynamayacaq. Azərbaycan futbolu oynayacaq.
Azərbaycan klublarının illərdir qurduğu yol, akademiyalarda yetişən futbolçular, məşqçilərin əməyi, klubların infrastruktura yatırımları və ölkə futbolunun Avropada özünə yer axtarışı bu 90 dəqiqənin fonunda dayanacaq.
Nəticə necə olur-olsun, bu gecə artıq Azərbaycan futbolunun tarixində öz yerini tutub.
Amma “Sabah”ın qarşısında daha böyük bir imkan da var.
Əgər komanda “Old Trafford”da özünü itirməsə, qorxmasa və Dambrauskasın dediyi kimi, rəqibə hörmət edib ondan çəkinməsə, bu tarixi gecə sadəcə iştirakla yadda qalmaya bilər.
Bəlkə də “Old Trafford”da Azərbaycan futbolu haqqında ilk dəfə həqiqətən başqa cür danışmağa başlayacaqlar.
Bu gün “Sabah”ın işi möcüzə göstərmək deyil.
Möcüzə yaratmaq üçün özünə imkan verməkdir.
SPORTİNFO.AZ
