“Bu fəaliyyətim həm milli, həm də klubdakı işimə mane olmayacaq”

03:50 Basketbol 26
“Bu fəaliyyətim həm milli, həm də klubdakı işimə mane olmayacaq”

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni yaradılan Məşqçilər Departamentinin əsas hədəfi ölkədə bu idman növünün inkişafı üçün beşillik strategiya hazırlamaq və gənc mütəxəssislərlə işi gücləndirməkdir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında sözügedən departamentin direktoru təyin edilən Tahir Baxşıyev deyib.

Mütəxəssis yeni vəzifədəki fəaliyyət istiqamətindən və qarşıya qoyulan məqsədlərdən danışıb:

"İşimiz çoxdur. İlkin olaraq yalnız Bakıda deyil, regionlarda da gənc məşqçilərlə iş aparacağıq. Əsas məqsədimiz təkcə oyunçu yetişdirmək deyil, həm də basketbolu təbliğ etməkdir. İnsanlar bu idman növü ilə nə qədər çox məşğul olsalar, bizim üçün bir o qədər yaxşıdır. U-12, U-14 və U-16 yaş qruplarında prosesləri izləyəcəyik, basketbolçulara baxacağıq. Mütəxəssislərlə birgə hansı sistemi quracağımızı müəyyənləşdirəcəyik. Dörd həmkarla bir yerdə beşillik plan hazırlamağı nəzərdə tutmuşuq ki, Azərbaycan basketbolu daha yaxşı inkişaf etsin. İlkin görüşümüz olub, növbəti həftə isə geniş tərkibdə iclas keçirərək pillə-pillə işə başlayacağıq".

O, milli komandadakı fəaliyyətinə də toxunub:

"Yığmaların oyunları yaz-yay aylarına təsadüf etdiyindən, hələlik əsas diqqəti perspektivli gənclərin basketbola cəlb edilməsinə yönəldəcəyik. Bu fəaliyyətim həm milli komandada, həm də NTD klubundakı işimə mane olmayacaq, paralel şəkildə çalışacağıq. Gənc mütəxəssislərlə daha çox ünsiyyətdə olacağıq, seminarlar təşkil edəcəyik. Vahid sistem qursaq və bütün məşqçilər eyni prinsiplə işləsə, daha yüksək nəticələr əldə edə biləcəyik".

Departament rəhbəri ölkə çempionatındakı yeniliklərdən və II Liqanın yaradılması ideyasından söz açıb:

"Çempionat oktyabrın əvvəlində başlayacaq. Yarışda 8 klub mübarizə aparacaq, onlardan 4-ü bu mövsüm avrokuboklarda çıxış edəcək. Bu da basketbola marağı artıracaq. Cari ildən II Liqa da start götürəcək. Orada yerli gənc basketbolçuların oynamaq müddəti daha çox olacaq. Çünki Azərbaycan Basketbol Liqasında eyni anda meydançada 4 əcnəbi və 1 azərbaycanlı oyunçu ola bildiyi halda, aşağı liqada 4 azərbaycanlı və yalnız 1 legionerin oynamasına icazə veriləcək. Bu, yeniyetmələrin təcrübə toplaması üçün çox perspektivli layihədir. İnanıram ki, yaxın gələcəkdə daha böyük uğurlarımız olacaq".

Azərbaycan Basketbol Federasiyasında (ABF) ölkədə məşqçilərin peşəkar inkişafına və oyunçuların uzunmüddətli hazırlığına dəstək göstərmək məqsədilə Məşqçilər Departamenti yaradılıb.

Tahir Baxşıyev quruma direktor təyin olunub. Anar Sarıyev, Zaur Paşayev və Polad Həsənov isə departamentin üzvləri kimi fəaliyyət göstərəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il