I Liqanın iştirakçılarından «Səbail» tədricən öz iddiasını itirməkdədir.
Dörd ay öncə yeni himayədarın çətiri altına keçən «dənizçilər» heç cür uğursuzluq zolağından çıxa bilmir.
Elnur Abdullayevin qara günə qoyduğu komanda dünən çempionluq yolunda növbəti ağır zərbəni alıb. Belə ki, «Gəncəbasar»ı Masazırda qəbul edən kollektiv rəqibinə qalib gəlməyi bacarmayıb.
Oyunun gedişində öncə hesabda geri düşən, ardınca önə keçən «Səbail» yekunda 2:2-yə razılaşıb. Ötən tur «Şahdağ»a uduzmuş kollektiv hazırda 12 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb.
Qərblilərlə duelin fasiləsində və final fitindən sonra «Səbail»in düşərgəsində aləm dəyib. Futbolçular bir-birinə «girib». Ara o qədər qızışıb ki, kimsə onları sakitləşdirməyə özündə cəsarət tapmayıb.
Baş məşqçi bu zaman harada olub? Hə, yaxşı sualdır.
Deməli, Elnur Abdullayev yaxınlıqdakı otağa keçərək, orada siqaret çəkib. Qulağı səs-küyü alsa da, paltardəyişmə otağına tərəf yollanmayıb, belə deyək, özünü eşitməzliyə vurub.
Əsəbi futbolçular isə onun taktika lövhəsini yerə çırpıblar. Yəqin Abdullayev bilib ki, mübahisəyə müdaxilə eləsə, oyunçuların əl-ayağı altında qalacaq, sözünü dinləyən və riayət edən tapılmayacaq.
Fikirləşib ki, nə olur olsun, təki ona bir-iki dəfə «çəkən» olmasın.
Son hadisə bir daha təsdiqləyir ki, komanda daxilində əsl anarxiya hökm sürür. Əlbəttə, hərc-mərcliyin hökm sürdüyü yerdə yaxşı nəticə əldə etmək qeyri-mümkündür.
Bir yerdə ki baş məşqçini kimsə saymır, oradan nə gözləmək olar ki..? Ancaq və ancaq pis şeylər.
Təəssüf ki, klub rəhbərliyi ağzına su alıb oturub. Vəziyyəti dəyişdirmək və düzəltmək yolunda heç bir tədbir görmürlər.
SPORTİNFO.AZ
