“Qəbələ”nin legioneri azarkeşlərin qəzəbinə tuş gəlib.
Sportinfo.az xəbər verir ki, hər şey İsmaheel Akinadenin “instagram” hesabında orta barmağını göstərən şəklini izləyicilərinə təqdim etməsindən sonra başlayıb.
Nigeriyalı hücumçunun məlum paylaşımı qəbələli azarkeşlərin narazılığına səbəb olub.
Onların müxtəlif şərhlərlə hücumçuya sosial şəbəkələrə az vaxt ayırmağı, komandaya fayda verməyi tövsiyə etməsi Akinadenin xoşuna gəlməyib.
Nəticədə izləyicilərdən biri ilə maraqlı dialoq alınıb ki, futbolçu azarkeşlə görüşüb üzbəüz söhbət etməyi təklif edib, o da öz növbəsində razılaşıb.
Yazışmanı azərbaycancaya tərcümə olunmuş halda olduğu kimi təqdim edirik.
Leon adlı azarkeş:
-Yadına düşəndə hərdən rəqib qapısına da qol vur.
Akinade:
-Xatırladım ki, sən sadəcə faydasız bir azarkeşsən. Ona görə də nə düşündüyün mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Günün xoş keçsin!
Azarkeş:
Mənim “Qəbələ” klubuna faydam səndən qat-qat çoxdur. Ən azından öz cibimdən pul xərcləyərək özümlə yanaşı, bir neçə azarkeşə də bilet alır, onları oyuna baxmağa gətirirəm. Gəlib baxdığımız oyun isə sıfırdır.
Sən “Qəbələ”ni mənim qədər sevə bilməzsən. “Qəbələ” üçün ən faydasız insan mən yox, sənsən. Yəni mən sənin maaş aldığın, amma heç bir nəticə göstərə bilmədiyin oyuna pul ödəyib baxıram. Burada faydasız olanın kim olduğuna özün qərar ver.
Akinade:
Bu, sənin problemindir. Amma oyunçuların “Instagram” səhifələrinə gəlib mənfilik yaymağa çalışma. Biz futbolçular da sənin kimi insanlarıq. Sən isə heç bir nəticəsi olmayacağını bilə-bilə istədiyini deyə biləcəyini hesab edirsən?
Xeyr, həyat belə işləmir. Biz futbolçular hər həftə əlimizdən gələni etməyə çalışırıq. Hər həftə qalib gələ bilmərik, amma bacardığımızın ən yaxşısını ortaya qoyuruq.
Bizim siz azarkeşlərdən minimum gözləntimiz qələbə qazandığımızda da, məğlub olduğumuzda da, heç-heçə etdiyimizdə də bizə dəstək olmağınızdır.
Lakin bir çoxunuz həddindən artıq neqativ və acınacaqlı düşüncələrə sahibsiniz. Əsl azarkeşlər vəziyyətin necə olmasından asılı olmayaraq, öz futbolçularını dəstəkləyirlər.
Bütün “Qəbələ” azarkeşlərinin belə olduğunu demirəm. Ancaq təxminən 40 faizinin bu cür olduğunu söyləyə bilərəm. İstəyirsiniz inanın, istəmirsiniz inanmayın, bu mənfi münasibət klubun daxilinə də sirayət edir, futbolçulara və əməkdaşlara təsir göstərir.
Günün xoş keçsin. Salam aleykum!
Azarkeş:
Bu turnir cədvəlinə bax (cədvəli şərhin altına əlavə edir – H.). Mən “Qəbələ”ni bu mövqedə görmək istəmirəm. Klub yarandığı gündən “Qəbələ”nin azarkeşiyəm. Azarkeşin futbolçudan, hətta hücumçudan belə, tələbi qol vurmaq və komandaya qələbələr qazandırmaqdır, “instaramda” boş-boş danışmaq yox.
Akinade:
Futbolu və onun iyerarxiyasının nə demək olduğunu anlamağa başlayanda mənə yaz. Yaxud görüşək, böyüklər kimi üzbəüz danışaq. Telefonun arxasında gizlənib cəfəngiyyat danışma.
Reallığı qəbul etməyə çalış. “Qəbələ” böyük tarixə malik möhtəşəm klubdur, bunu yanlış anlamayın. Amma indi 2016-cı il deyil, 2026-cı ildir.
Hələlik deyəcəyim bu qədərdir. Sağ ol!
Azarkeş:
Mən Qəbələdə yaşayıram, 36 yaşım var. Sabah istədiyin vaxt tərcüməçini də götürüb gəl, istədiyin yerdə oturub söhbət edək. Mənim üçün heç bir problem yoxdur.
Akinade:
Yaxşı, problem yoxdur. İnşallah, görüşərik. İndi sənə şəxsi mesaj yazacağam.
Azarkeş:
Oldu.
HƏBİB / SPORTİNFO.AZ
