Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Siyahıda 30 futbolçu yer alır. Təbii ki, milli komandanın heyəti hər zaman olduğu kimi, bu dəfə də geniş müzakirələrə yol açıb. Kənarda qalan futbolçular, dəvət alan futbolçular...
Məlum məsələdir ki, legioner limitinin ləğvindən sonra onsuz da geniş olmayan seçim imkanları bir qədər də azalıb, bir qədər də daralıb. Amma bəzi adların siyahıda olması həqiqətən gözlənilməz oldu. Sosial şəbəkələrdə ən çox danışılan adlar hansılardır?
Elə qapı mövqeyindən başlayaq.
Rəvan Mirzəmməmmədov “Sabah”da bu mövsüm cəmi iki oyun keçirib. Gənc qapıçıdır. Düzdü, “Şəfa” ilə oyunda çox əla, ideal matç keçirmişdi. Amma bir oyuna görə milli komandaya dəvət alması bir qədər gözlənilməz oldu.
Müdafiə xəttindən danışsaq, ilk diqqət çəkən ad Rahil Məmmədovdur. Rahil Məmmədov onsuz da son illər əvvəlki formasında deyil. Zədələrlə bağlı problemlər yaşayır, sabit çıxış etmir. Bu mövsümdən “Turan Tovuz”a transfer olunub, burada da əsas heyət üzvü deyil. Ehtiyatdan oyuna daxil olur, o da hər oyunda 5-10 dəqiqə. Demək olar ki, oyun praktikası yoxdur. Meydanda olduğu dəqiqələrdə belə mövqe səhvləri aşkar görünür, formada olmadığı hiss olunur.
Orta xəttə baxsaq, burada da “Zirə”nin hələ əsas heyət üzvünə çevrilməyən Ayxan Hüseynovun, “Araz-Naxçıvan”da o qədər də yaxşı mövsüm keçirməyən Ceyhun Nuriyevin dəvət olunması gözlənilməz oldu.
Rüfət Dadaşov uzun müddətdir fərqlənmir, amma bu gün yenə milli komandada görürük.
Təbii ki, seçimlər geniş deyil. Bu adların dəvətləri müzakirəyə açıq olduğu kimi, “onlar yox, bəs kim?” sualı da açıqdır. Alternativləri varmı? Bu da ciddi sualdır.
Amma istənilən halda, heç oynamayan, ehtiyatda qalan futbolçulardansa, Premyer Liqanın orta və aşağı pillələrindəki komandalarda davamlı oynayan futbolçuların dəvət alması daha doğru olardı.
XANOĞLAN/ SPORTİNFO.AZ
