“Sabahın Ulduzları”nın finalında “Ulduz” və “Neftçi” üz-üzə gəldi.
“Ulduz” qarşılaşmaya daha yaxşı başlayan tərəf oldu və hesabda 2:0 önə keçdi.
Lakin fasilədən sonra təşəbbüs “Neftçi”nin tərəfinə keçdi. Vaqif Əliyevin yetirmələri hesab arasındakı fərqi azaltmaq üçün ciddi cəhdlər göstərdilər və bunun nəticəsində bir qol da vurdular.
“Neftçi”nin hesabı 2:1-ə gətirməsindən sonra oyunda gərginlik daha da artdı. Komandanın hesabı bərabərləşdirmək üçün imkanları da oldu.
Amma son dəqiqələrdə həm vaxtın, həm də fiziki gücün kifayət etməməsi “Neftçi”yə hesabı dəyişməyə imkan vermədi.
İlyas Qurbanovun rəhbərlik etdiyi “Ulduz” isə xüsusilə müdafiə baxımından etibarlı oyun nümayiş etdirdi və qalan dəqiqələrdə üstünlüyünü qorumağı bacardı. Beləliklə, “Ulduz” 2:1 hesablı qələbə ilə U-15 çempionatının qalibi oldu.
Futbol baxımından isə bu final Azərbaycan futbolunun gələcəyi üçün maraqlı mesajlar verdi. Meydanda mübarizə aparan futbolçuların bir çoxu gələcəkdə Azərbaycan milli komandalarının formasını geyinə biləcək yaş qrupundadır.
Qarşıda FİFA U-15 dünya çempionatı kimi böyük bir səhnə də var. Bu səbəbdən həmin futbolçuların təkcə texniki və taktiki deyil, həm də davranış və mental hazırlığı böyük əhəmiyyət daşıyır.
Təəssüf ki, finalın sonunda baş verənlər bütün bu müsbət məqamların üzərinə kölgə saldı. Oyunun yekun fitindən dərhal sonra meydanda qarşıdurma və dava yaşandı.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
