Sabah I Liqada 6-cı tura start veriləcək.
Uğursuz mövsüm keçirən «Mingəçevir» Şamaxıda «Xankəndi»nin qonağı olacaq.
Bu qarşılaşma baş tutmaya bilər. Maliyyə böhranı ilə üzləşən «işıqçılar»ın düşərgəsində xoşagəlməz hadisələr baş verir.
İki aydır əməkhaqqı almayan futbolçular 2 gündür məşqə çıxmır. Onların başlatdığı boykota Elman Sultanovun köməkçiləri də qoşulub.
Baş məşqçinin özünə gəlincə, o, «Şimal»a 1:4 hesabıyla uduzduqları matçdan sonra Mingəçevirə qayıtmayıb.
Bir sözlə «nur şəhəri»nin təmsilçisində bıçaq sümüyə dirənib. Vəziyyət ümumiyyətlə, nəzarətdən çıxmaq üzrədi. Belə getsə, komanda dağılacaq.
Çünki iyulda «Mingəçevir»i himayəsinə götürmüş şəxslər hazırda ortalıqda yoxdur. Heç onların harada olduğunu bilən də yoxdur. Nə zəng edən var, nə xəbər alan.
Kənardan gələnlər üçün Mingəçevirdə tutulmuş evlərin qapıları üzlərinə bağlanıb. Ev sahibləri kirayə haqqını ödəməyənləri daha içəri buraxmır.
Gündəlik qida təminatı da çox aşağı səviyyədədir. Yerli azarkeşlər pul toplayaraq, onlara yemək alır.
Yaranmış durum hara qədər davam edəcək, bu da bilinmir.
SPORTİNFO.AZ
