Bir el məsəli var, deyir, "meçid hazır olmamış, kor əsasını dirəyib".
Premyer Liqada mövsüm yenicə başlayıb, amma artıq kifayət qədər hakim səhvləri, referilərin verdiyi yanlış və ya mübahisəli qərarların müzakirələri olub.
Bunlardan biri də ötən gün keçirilən "Neftçi" - "Sabah" matçında oldu. Belə ki, epizodların birində meydanda yaranmış qarışıqlıqda iki komandanın oyunçuları arasında gərginlik baş verdi və "Sabah"ın yarımmüdafiəçisi Velyko Simiç "Neftçi"dən Emil Səfərovun üzündən itələyərək yerə yıxdı.
Epizodun əvvəlində başqa bir rəqibini də döyüş fəndi ilə "mübarizədən kənarlaşdıran" Simiç oyunun baş hakimi Rauf Cabarov tərəfindən sarı vərəqə ilə cəzalandırıldı.
Bu anda isə yada Premyer Liqanın 3-cü turunda baş tutmuş və "Neftçi"nin iştirakı ilə keçirilən başqa bir oyun düşdü.
"Ağ-qaralar" Sumqayıt səfərində şəhərin eyniadlı komandası ilə qarşılaşanda da oxşar epizod olmuşdu.
Vaxtı uzatmaq məqsədilə topu özündə saxlayan və rəqibə gec qaytaran "Neftçi"nin hücumçusu Breno Almeydanı "kimyaçılar"ın kapitanı Səbuhi Abdullazadə itələyib yerə yıxmışdı.
Sözügedən görüşün baş hakimi Kamal Umudlu isə Səbuhiyə birbaşa qırmızı vərəqə vermişdi. Hadisələrin sonrakı axarı isə yadınızdadır yəqin ki.
Qırmızı vərəqə alan Abdullazadə onun emosionallığı ilə oyundan çıxarkən şüşəli qapıya zərbə endirdi, ayağını kəsdi, az qala karyerasını bitirmək təhlükəsi ilə üz-üzə qaldı, 5-6 aylıq meydanlardan uzaq düşdü, üstəlik də Nizam İntizam Komitəsi tərəfindən 5 oyunluq cəza aldı.
Elə həmin vaxt da yazmışdıq ki, Səbuhiyə verilən cəza ən ağır həddə idi. Qırmızı vərəqə verməmək də olardı. Necə ki, dünən Rauf Cabarov Simiçi "sarı" ilə yola verdi.
Bəs nə dəyişdi o vaxtdan bura? Qaydalar? Xeyr. Qaydalar ən azı bir mövsümlük olur və 6-7-ci turda dəyişmir.
Dəyişən 2 şey var.
Klub və oyunçu. Üçüncü turda "Neftçi"yə qarşı oynayan "Sumqayıt", futbolçu isə Səbuhi idi. 7-ci turda bu, müvafiq olaraq "Sabah" və Simiç olaraq dəyişir.
Oyunun baş hakimi. Üçüncü turda hakim Kamal Umudlu, yeddinci turda isə Rauf Cabarov idi.
İndi bizi bir neçə sual düşündürür?
Kamal Umudlumu qaydaları bilmir, yoxsa Rauf Cabarovmu?
Kamal Umudlumu qərəzli qərar verib, yoxsa Rauf Cabarovmu?
Hakimlərin bu ikili standartlarının səbəbi nədir?
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu biabırçılığı necə açıqlayacaq?
Gözləyək, görək. Siz isə, əziz oxucular, hələlik sözügedən hər iki epizoda bir də baxın. Qərarı özünüz verin.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
