“Sabah” Futbol Akademiyasının U-17 komandası Türkiyədə keçirdiyi hazırlıq mərhələsi çərçivəsində “Beşiktaş”ın yaşıdları ilə yoxlama oyunu keçirib.
Qarşılaşma futbol mübarizəsindən daha çox, meydanda baş verən xoşagəlməz insidentlə yadda qalıb.
Əldə etdiyimiz məlumata görə, matçın gedişində komandalar arasında gərginlik yaşanıb və bu, futbolçular arasında kütləvi davaya çevrilib.
Oyunun böyük hissəsində “Beşiktaş”ın bəzi futbolçularının “Sabah”dakı yaşıdlarına qarşı təhqiramiz ifadələr işlətdiyi və qeyri-etik sözlərdən istifadə etdiyi bildirilir.
Gərginliyin uzun müddət davam etməsindən sonra “Sabah”ın oyunçularından biri artıq emosiyalarını cilovlamağı bacarmayıb və insident böyüyüb.
Maraqlı məqam ondan ibarətdir ki, “Beşiktaş”ın akademiyasında çıxış edən azərbaycanlı futbolçu Furqan Musayev də həmin akademiyanın üzvüdür.
Furqan Musayev 2010-cu il təvəllüdlüdür, yarımmüdafiəçi mövqeyində çıxış edir və Azərbaycan milli komandalarının aşağı yaş qruplarına dəvət olunub.
Futbolçunun atası Araz Musayevlə də əlaqə saxladıq.
Araz Musayev söhbət zamanı insidentin baş verməsini təəssüf doğuran hadisə kimi qiymətləndirib və qarşıdurma zamanı “Beşiktaş” tərəfdən aqressiv reaksiyanın olduğunu təsdiqləyib.
“Beşiktaş”ın akademiya direktoru Serdar Topraktepe isə hadisədən xəbərdar olduğunu və belə bir insidentin yaşanmasından təəssüf etdiyini bildirib.
Qarşı tərəfdən verilən mesaja görə, Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər mövcuddur: “Biz qardaşıq, iki ölkə – bir millətik. Belə hadisənin baş verməsinə təəssüf edirik.”
“Beşiktaş” tərəfi həmçinin bildirilib ki, məsələ ilə bağlı komandanın məşqçisi ilə də danışılacaq və gələcəkdə bu cür xoşagəlməz halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək.
İnsidentin yaranmasına şərait yaradan əsas amillərdən biri isə qarşılaşmanın hakim olmadan keçirilməsi olub.
Məlumata görə, oyunun ilk hissəsində hakimlik funksiyasını “Beşiktaş”ın məşqçisi, ikinci hissədə isə onun “Sabah”dan olan həmkarı yerinə yetirib.
Odur ki, meydanda emosional epizodlara vaxtında müdaxilə etmək, futbolçuların davranışına nəzarət etmək və gərginliyi erkən mərhələdə dayandırmaq mümkün olmayıb.
Əslində, U-17 səviyyəsində beynəlxalq xarakterli yoxlama oyunlarında hakimlik məsələsinə daha ciddi yanaşılması vacibdir. Çünki yeniyetmə futbolçular üçün belə qarşılaşmaların əsas məqsədi rəqabət aparmaqla yanaşı, futbol mədəniyyətini, intizamı və idman davranışlarını inkişaf etdirməkdir.
“Sabah” və “Beşiktaş” kimi iki böyük futbol məktəbinin akademiya komandalarının görüşünün belə xoşagəlməz hadisə ilə yadda qalması isə təəssüf doğurur.
İnsidentə baxmayaraq, hər iki tərəfin məsələnin böyüməsinin qarşısını almaq və gələcəkdə belə halların təkrarlanmaması üçün dialoq aparması müsbət addım kimi qiymətləndirilə bilər.
SPORTİNFO.AZ
