“Sabah”ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisinin formalaşmasından, Murad Musayevin komandanın inkişafındakı rolundan və klubun keçmiş baş məşqçiləri ilə bağlı maraqlı məqamlardan danışıb.
Sportinfo.az xəbər verir ki, klub prezidenti bu barədə “Sport-Ekspress” nəşrinə müsahibəsində bildirib.
O, ilk növbədə “Sabah”ın yaradılmasında və fəaliyyətində tanınmış “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Xrustal bayquş” və “Brilyant bayquş” mükafatlarının sahibi Balaş Qasımovun roluna aydınlıq gətirib.
Adıgözəlov bildirib ki, Balakişi Qasımov onun uşaqlıqdan yaxın dostudur və komandanın ilk günlərindən bu günə qədər yanında olub:
“Əslində, Balaş (Balakişi Qasımov – red.) mənim uşaqlıq dostumdur. Məndən dörd yaş böyükdür.
O, hər zaman komandamızın yanında olub və bu gün də belədir. Ancaq onu klubun qurucusu adlandırmaq düzgün olmaz.
“Sabah”ı yaradanda Balaş sadəcə komandamıza azarkeşlik edən dostum idi.
Bu gün də məsləhətləşə biləcəyimiz, bütün oyunlarımıza gələn insandır. Lakin klubun daxili işlərinə qarışmır”.
