“Neftçi”nin “Kəpəz”lə oyununun sonuncu dəfə nə vaxt bu qədər ajiotaj doğurduğunu xatırlamaq çətindir.
90-cı illərdə bir-birinin əsas rəqiblərinə çevrilən komandaların son illərdəki duelləri, demək olar ki, formallığa çevrilmişdi.
Bu da Gəncə təmsilçisinin əvvəlki imkanlarından və iddialarından uzaq düşməsi ilə bağlıydı.
Lakin bu dəfə vəziyyət fərqlidir.
Mövsümə sürpriz nəticələrlə başlayan və proqnozları alt-üst edən “sarı-göylər” 10 oyundan sonra 17 xal toplamaqla futbol ictimaiyyətini təəccübləndirməyi bacarıb.
Elə buna görə də gəncəlilərin Bakıdan xalla(rla) qayıdacağına inananların sayı kifayət qədərdir. Bu da səbəbsiz deyil.
Gəncəlilər Premyer Liqada son 6, Azərbaycan Kubokundakı qalibiyyəti də saysaq, ümumilikdə 7 qarşılaşmadır məğlubiyyətin nə olduğunu bilmirlər.
Komanda sonuncu dəfə 4-cü turda “Şamaxı”ya boyun əyib. Sentyabrın 4-dən bu yana, iki aydan artıqdır uduzmur.
“Kəpəz” çempionatda keçirdiyi son 6 qarşılaşmanın 4-də qələbə qazanıb, 2-də heç-heçə edib.
”Kəpəz” son 2 oyunu qələbə ilə başa vurub.
“Kəpəz” rəqib meydanında keçirdiyi 3 oyunun yalnız birində son çempion “Sabah”a uduzub. “Araz” və “Şəfa” ilə görüşlərdən isə 3 xalla ayrılıb.
“Kəpəz” 10 görüşdə qapısından 9 top buraxıb ki, bu göstəricidə “Sabah” (4), “Qarabağ” (7) və “Turan Tovuz”dan geri qalır.
Təbii ki, bu cür göstəricilər “Neftçi” düşərgəsində müəyyən həyəcan və narahatlıq yaratmaya bilməz.
İstənilən halda, “Kəpəz” son nəticələri və sərgilədiyi oyunla özü barədə müsbət fikirlər formalaşdırmağı bacarıb.
Lakin meydanın qarşı tərəfində “Neftçi” dayanacaq.
Cari mövsümdə çempionluq iddiasını ortaya qoyan, kifayət qədər xoş təsir bağışlayan və hazırda turnir cədvəlinə başçılıq edən “Neftçi”!
“Ağ-qaralar” da son 7 oyunda məğlubiyyət üzü görməyib. Bu müddətdə 4 qələbə qazanıb, 3 dəfə heç-heçə ediblər.
Paytaxt təmsilçisinin ev oyunlarına nəzər salsaq, aktivində 2 qələbənin olduğunu görərik. Əsas rəqiblərindən “Sabah” və “Turan Tovuz”la görüşlər isə heç-heçə başa çatıb.
Hazırda “Neftçi” 21 xalla turnir cədvəlinə liderlik edir. “Kəpəz” isə 17 xalla 5-ci pillədə qərarlaşıb. Bu oyunun nəticəsi turnir cədvəlinin üst sıralarında ciddi dəyişikliklərə səbəb ola bilər.
Gəncə təmsilçisinin mümkün qələbəsi liderlər qrupunda əməlli-başlı çaxnaşma yaradacaq, çempionluq yarışına yeni rəng qatacaq. “Neftçi”nin qələbəsi isə “ağ-qaralar”ın liderliyini möhkəmləndirməklə yanaşı, “Kəpəz”in məğlubiyyətsiz oyunlar seriyasının qırılmasına səbəb olacaq.
Bir sözlə, bu qarşılaşmada təkcə 3 xal deyil, həm də turnir cədvəli uğrunda ciddi mübarizə gedəcək. Qarşılaşmaya həm də əzəli rəqiblərin dueli prizmasından yanaşsaq, bizi kifayət qədər maraqlı və gərgin mübarizə gözləyir.
İndiki məqamda büdcə, futbolçu keyfiyyəti, təcrübə, meydan sahibi və lider olması baxımından “Neftçi”ni bir addım öndə saymaq olar. Lakin “Kəpəz”in son matçlardakı nəticələrini və sərgilədiyi oyunu nəzərə alsaq, sürpriz ehtimalını da göz önünə almalıyıq.
Bir şey dəqiqdir - bu, əvvəlki illərdə görməyə alışdığımız “Kəpəz” deyil. Deməli, bu axşam “Neftçi”ni heç də asan sınaq gözləmir.
Bu gün “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
