“Sabah” Norveç səfərində “Vikinq”ə 1:4 hesabı ilə məğlub oldu. Komandamız oyuna yaxşı başlayaraq, 11-ci dəqiqədə Patrik Orfe Mbina ilə hesabı açsa da, sonrakı dəqiqələrdə rəqibin taktiki və fiziki üstünlüyü oyunun gedişinə ciddi təsir göstərdi.
“Vikinq” yüksək pressinq, sürətli hücum keçidləri və cinahların aktiv istifadəsi ilə Sabahın müdafiə xəttinə təzyiq göstərirdi. Xüsusilə Zlatko Tripiç, Erik Botheym və Peter Kristiansen hücumların qurulmasında mühüm rol oynayırdılar. Rəqib müdafiə arxasında yaranan boş zonalardan və hücumların sürətli inkişafından effektiv istifadə edirdi.
Oyunun gedişində Veliko Simiçin zədələnərək Coy-Lens Mikels ilə əvəzlənməsi “Sabah”ın hücum planına müəyyən təsir göstərdi. 69-cu dəqiqədə Zlatko Tripiç penalti zərbəsini yerinə yetirdi. Stas Pokatilov ilk vuruşu dəf etsə də, qayıdan topu Tripiç qapıya göndərərək hesabı 2:1 etdi.
77-ci dəqiqədə Eyden Makkartinin qırmızı vərəqə alması isə oyunun əsas dönüş nöqtələrindən biri oldu. Bir oyunçu azlıqda qalan Sabah müdafiə blokunun kompaktlığını qorumaqda çətinlik çəkdi. “Vikinq” say üstünlüyündən istifadə edərək, 81-ci dəqiqədə Henrik Falçenerin qolu ilə hesabı 3:1-ə çatdırdı. 90+4-cü dəqiqədə Erik Botheym sonuncu qolu vuraraq matçın nəticəsini müəyyənləşdirdi.
Statistik göstəricilərə nəzər saldıqda, topa sahiblənmə faizinin, demək olar ki, bərabər olmasına baxmayaraq, “Vikinq” zərbələrdə (21:16), qapıya dəqiq zərbələrdə (8:4), künc zərbələrində (10:6) və rəqibin cərimə meydançasında toxunuşlarda (41:14) üstünlük əldə edib.
“Vikinq”in qələbəsində əsas amillərdən biri hücumların sürəti, cinahlardan effektiv istifadə və “Sabah”ın müdafiə xəttinə davamlı təzyiq göstərməsi idi. Norveç təmsilçisi topa sahibolma faizində ciddi üstünlük qazanmasa da, hücumların keyfiyyəti və təhlükəli vəziyyətlərin yaradılması baxımından daha effektiv çıxış etdi.
“Vikinq” hücum zamanı meydanın enindən istifadə edərək “Sabah”ın müdafiə blokunu genişləndirirdi. Cinah oyunçularının irəli qoşulması və cərimə meydançasına ötürmələr rəqib müdafiəçilərini daim qərar verməyə məcbur edirdi. Xüsusilə Erik Botheym cərimə meydançasında mövqe seçimi və hava toplarında fəallığı ilə “Sabah”ın müdafiəsi üçün ciddi təhlükə yaradırdı.
SPORTİNFO.AZ
