Premyer Liqanın 11-ci turunda “Sumqayıt” səfərdə “İmişli”nin qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Yevlaxda baş tutacaq qarşılaşmada “kimyaçılar”ın üç futbolçusu diqqətli davranmağa məcburdur.
Belə ki, əsas heyət üzvləri Keffel Resende, İsa Suliman və Lukas Blek sarı vərəqə limitinin bir addımlığındadır.
Bu, o deməkdir ki, adıçəkilən futbolçulardan hər hansı biri “İmişli” ilə görüşdə sarı vərəqə alacağı təqdirdə növbəti oyunu buraxmalı olacaq.
“Sumqayıt”ın 12-ci turda rəqibi isə son çempion “Sabah” olacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra baş tutacaq həmin qarşılaşmada Keffel, İsa və Lukasdan hansısa birinin, yaxud bir neçəsinin xidmətindən məhrum olmaq komanda üçün arzuolunmaz ssenaridir.
Təbii ki, baş məşqçi Filipe Kandido bu məqamı nəzərə alaraq futbolçularına bacardıqca ehtiyatlı olmaq tapşırığını verib.
Noyabrın 8-də Yevlax şəhər stadionunda baş tutacaq “İmişli” – “Sumqayıt” dueli saat 15:00-da start götürəcək.
HƏBİB
