“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın Bakıya qayıdışı heç də təsadüfi deyil.
Əldə etdiyimiz məlumata görə, 37 yaşlı braziliyalı bundan sonra özünə doğma hesab etdiyi klubla yeni istiqamətdə əməkdaşlıq edəcək.
Almeyda “Qarabağ”ın akademiyasında menecer kimi fəaliyyət göstərəcək.
Onun əsas işi Braziliyada istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onların Ağdam klubunun akademiyasına cəlb olunması üçün seleksiya işləri aparmaq olacaq.
Uzun illər “Qarabağ”ın formasını geyinmiş, klubun uğurlarında mühüm pay sahibi olmuş Almeydanın indi də fərqli istiqamətdə komandaya fayda verməsi nəzərdə tutulub.
Bununla yanaşı, braziliyalı futbolçunun yaxın müddətdə karyerasını başa vurması da gözlənilir.
Son dövrlərdə aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Almeyda futbolçu fəaliyyətini dayandıraraq bütün diqqətini yeni vəzifəsinə yönəldəcək.
11 mövsümünü “Qarabağ”a həsr edən Riçard Almeydanı bu dəfə Ağdam klubunda futbolçu yox, akademiyanın inkişafına töhfə verən mütəxəssis kimi görəcəyik.
XANOĞLAN/ SPORTİNFO.AZ
