Rəşad Sadıqov bu problem həll etməsə…

19:40 Zirə 107
Rəşad Sadıqov bu problem həll etməsə…

9-cu turda qələbəsizlik sindromuna son qoyaraq “Sumqayıt”ı məğlub edən (3:2), Azərbaycan kubokunda isə “Səbail”i penaltilər seriyasında üstələyən “Zirə” növbəti oyunda yenidən qələbəyə həsrət qaldı.

Bu dəfə “Araz-Naxçıvan” səddini keçmək mümkün olmadı – 2:2.

Görünən odur ki, “qartallar”ın avrokuboklara vəsiqə qazanmaq şansı getdikcə azalır. İndiki vəziyyətdə “Neftçi”, “Qarabağ”, “Sabah” və “Turan Tovuz” kimi rəqibləri qabaqlamaq heç də asan görünmür.

Əlbəttə, komandanın uğursuz çıxışında zədələrin çoxluğu əsas rol oynayır. Lakin diqqətdən yayınmamalı başqa bir məqam da var. Söhbət “Zirə”nin müdafiə xəttinin etibarsızlığından və qapısını toxunulmaz saxlamaqda çətinlik çəkməsindən gedir.

Mövsümə inamlı başlayan, ilk 3 turda qapısından cəmi 1 qol buraxan “qartallar” sonrakı 7 turda rəqiblərin 13 qolunun qarşısını ala bilməyib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 4-cü turdan bu yana keçirdiyi bütün oyunlarda qapısında qol görüb.

Son həftələrin nəticələrinə nəzər salsaq, vəziyyətin nə qədər narahatedici olduğunu görərik. Çempionatın ortabablarından sayılan “Sumqayıt”, I Liqa təmsilçisi “Səbail” və turnir cədvəlinin sonuncusu “Araz-Naxçıvan” “Zirə”nin qapısına 2 dəfə yol tapmağı bacarıb. Son 3 görüşdə buraxılan 6 qol.

Hazırda buraxılan topların sayına görə “Zirə” yalnız turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Araz-Naxçıvan”, “Şəfa” və “Qəbələ”ni qabaqlayır. Digər rəqiblərlə müqayisədə isə bu göstərici daha acınacaqlıdır.

Bəli, komandada zədəlilərin çoxluğu ciddi problemdir. Ancaq müdafiə xəttinə və qapıçı mövqeyinə nəzər salanda kəskin dəyişikliklərin olmadığını görürük.

Ruan Renato və Anje Mutsinzi əvvəlki mövsümlərdən tanıdığımız futbolçulardır. Mehdi Mişanşah da zaman-zaman şans qazanır. Cinah müdafiəçiləri Amin Seydiyev və Qismət Alıyevdir. Qapıda isə yenə Aydın Bayramovu görürük.Yəni ciddi dəyişiklik müşahidə olunmur.

Belə olan halda, bütün problemləri zədələrlə əlaqələndirmək düzgün olmaz. “Zirə”nin hazırda ən böyük çatışmazlığı müdafiədə etibarlılığın itirilməsi və qapısından həddindən artıq qol buraxmasıdır.

Rəşad Sadıqov bu problemin həllinə nail ola bilməsə, çempionatın gedişində komandanı daha çətin sınaqlar gözləyir. Müdafiədəki bu qeyri-sabitlik davam edərsə, “Zirə” avrokuboklara vəsiqə uğrunda mübarizədə mövqelərini vaxtından əvvəl itirə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti