Bu, onları öldürmür, bəs biz niyə və necə QORXURUQ?

13:00 Problem 59
Bu, onları öldürmür, bəs biz niyə və necə QORXURUQ?

Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Vikinq” – “Sabah” qarşılaşmasından (4:1) sonra müzakirəyə çıxarmaq istədiyim maraqlı bir məqam var.

Azərbaycanda uzun illərdir futbolumuzun, xüsusilə uşaq futbolunun inkişaf etməməsinin əsas səbəblərindən biri kimi süni örtüklü meydançalar göstərilir.

Bəs onda Norveç nümunəsini necə izah edək?

Söhbət “Viking”dən gedir. Komanda öz ev oyunlarını süni örtüklü meydançaya malik ”Lyse Arena”da keçirir. Yəni futbol infrastrukturu və inkişaf səviyyəsi baxımından Avropanın qabaqcıl ölkələrindən biri olan Norveçdə də yüksək səviyyəli futbol süni örtük üzərində oynanılır.

Daha maraqlısı isə heyət məsələsidir. “Vikinq”in “Sabah”la qarşılaşmadakı start heyətində 11 futbolçudan 10-u norveçli idi. Yeganə əcnəbi avstraliyalı Canni Stennes idi.

Norveç Futbol Federasiyasının ”Landslaqsskolen” adlı milli futbolçu inkişaf modeli 12-16 yaş aralığını əhatə edir.

Maraqlı məqam ondan ibarətdir ki, 12 yaşa qədər uşaqlar arasında rəsmi seleksiya aparılmır. Futbolçular əsasən öz yerli klublarında inkişaf edirlər.

12 yaşından etibarən klublar perspektivli futbolçuları regional seçim proqramlarına təqdim edirlər. İlk mərhələdə yaş qrupunun təxminən 10 faizi bu sistemə cəlb olunur.

Sonrakı mərhələlərdə seçim daha da dəqiqləşir: regional komandalar, 14 yaşda milli istedad düşərgələri və daha sonra yeniyetmə milli komandaları.

Burada əsas məqsəd yalnız fiziki göstəriciləri yüksək olan futbolçuları seçmək deyil. Texniki bacarıq, oyun intellekti, inkişaf potensialı, məşqə münasibət və öz inkişafına məsuliyyətlə yanaşmaq da qiymətləndirilir.

Norveç modelində məşqçilərin inkişafına da xüsusi diqqət ayrılır. NFF məşqçilər üçün vahid metodoloji istiqamət formalaşdırır. 2023-cü ildə yaradılan tiim rəqəmsal platforması məşqçilərə məşq proqramları, metodiki materiallar, təlim videoları və yaş qruplarına uyğun məşq nümunələri təqdim edir.

Beləliklə, 7 yaşlı uşağı hazırlayan məşqçi ilə 16 yaşlı istedadlı futbolçunu hazırlayan məşqçi arasında vahid futbol fəlsəfəsi formalaşdırılır.

Norveç nümunəsi göstərir ki, süni meydança futbol təhsilinin qarşısını alan mütləq maneə deyil. Əsas məsələ meydançanın texniki keyfiyyəti, örtüyün düzgün saxlanılması, məşq yükünün idarə olunması və məşqin məzmunudur.

Süni örtükdə məşq zamanı yüklənmənin, ayaqqabı seçiminin, sürətlənmə və tormozlanma hərəkətlərinin, eləcə də bərpa prosesinin düzgün planlaşdırılması vacibdir. Bu amilləri nəzərə almaqla süni örtükdə də yüksək keyfiyyətli futbolçu hazırlamaq mümkündür.

Norveç futbolunun bizə verdiyi əsas mesaj budur: futbolçu inkişafı yalnız infrastruktura bağlı deyil. İnfrastruktur, məşqçi təhsili, metodologiya, düzgün seleksiya, oyun təcrübəsi və uzunmüddətli planlaşdırma birlikdə işləməlidir.

Azərbaycan futbolu üçün əsas sual budur: biz süni meydançaları dəyişməklə kifayətlənmək istəyirik, yoxsa həmin meydançalarda futbolçuların inkişafını təmin edən sistemi də dəyişməyə hazırıq?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!