“Şamaxı” hamını təəccübləndirməyə davam edir.
Bölgə təmsilçisi ardıcıl yeddi oyundur məğlub olmur.
Qazanılan uğurda, təbii ki, baş məşqçi Azər Bağırovun böyük payı var. Yayda topladığı heyətlə qısa müddətdə yaxşı iş görməyi bacarır.
Hədəf liqada qalmaqdır. Bu gedişlə qış fasiləsinə qədər məsələnin həll olunacağını demək olar.
“Şamaxı”nın bu cür inamlı çıxışını ötən illərdə də görmüşdük.
Onda bunu daha çox Ayxan Abbasovun adına bağlayırdıq. İndi Ayxan Abbasov yoxdur. Azər Bağırovun gördüyü işi də görməzdən gəlmək olmaz.
Amma bu cür komandanın formalaşmasının arxasında klub rəhbərliyinin də əməyi var.
Özü də hansı klub rəhbərliyinin? Tənqid və qınaqlarla üz-üzə qalan, futbola yad adamlar adlandırılan futbol adamlarının!
Məhz həmin adamlar liqanın ən aşağı maaş büdcəsi ilə belə komanda formalaşdırmağı bacarırlar.
Birinci yox, artıq üçüncü mövsümdür bunu görürük.
Bu, təsadüf deyil. Ortaya qoyulan əməyin, atılan ağıllı addımların nəticəsidir.
Deməli, böyük pullar hər şey deyil. Bəzən kiçik büdcə ilə də yaxşı işlər görmək mümkündür.
Əslində, biz də illərdir bunu deyirik. Dövlət dotasiyası hesabına Premyer Liqada orta səviyyəli komanda yaratmaq mümkünsüz deyil. Yetər ki, qərarlar düzgün verilsin.
Bizdə bir çox klublar nəinki dövlət dotasiyası, hətta “Şamaxı”dan iki-üç dəfə artıq büdcə ilə belə, bu səviyyədə komanda yaratmaqda çətinlik çəkirlər.
Özlərini isə bəh-bəhlə təcrübəli futbol funksioneri kimi təqdim edirlər.
İndi siz deyin - Futbola yad olan kimlərdi?
XANOĞLAN/ SPORTİNFO.AZ
