Çempionluq xəyaldır, “Neftçi”nin gerçəyi isə...

20:00 Neftçi 124
Çempionluq xəyaldır, “Neftçi”nin gerçəyi isə...

“Neftçi” “Turan Tovuz”la oyunda azarkeşləri maraqlandıran sualın cavabını böyük ölçüdə verdi.

“Ağ-qaralar” 90-cı ildönümündə çempion ola biləcəkmi?

Bu sualın cavabı Tovuz təmsilçisi ilə qarşılaşma başa çatandan sonra demək olar ki, bəlli oldu – Çempionluq mümkün olmayacaq!

Bunun üçün uzağa getməyə, nəyisə kəşf etməyə ehtiyac yoxdur. “Neftçi”nin əsas rəqibləri ilə oyunlarının nəticələrinə nəzər salmaq kifayətdir.

“Neftçi”nin çempionluq, başqa cür desək, avrokuboklara vəsiqə uğrunda əsas rəqibləri kimlərdir? “Sabah”, “Qarabağ”, “Zirə” və “Turan Tovuz”. Paytaxt təmsilçisi bu komandalarla keçirdiyi dörd oyunun heç birində qələbə qazana bilməyib. Toplanılması mümkün olan 12 xaldan cəmi 3-nü aktivinə yazıb.

“Zirə”yə məğlub olan (0:1) “Neftçi” “Sabah”la öz meydanında qolsuz heç-heçə edib. “Qarabağ”la qarşılaşmada 3:3 hesablı heç-heçəyə razılaşıb, “Turan Tovuz”la oyunda isə hesabı açmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyib və meydanı 1 xalla tərk edib.

Bəli, hazırda “Neftçi”nin hücum fazasında əvvəlki dövrlərlə müqayisədə irəliləyiş göz qabağındadır. Komandanın 9 oyunda vurduğu 22 qol bunun bariz nümunəsidir. Paytaxt təmsilçisi hazırda çempionatın ən məhsuldar komandasıdır.

Ancaq çempion olmaq istəyən komanda təkcə qol vurmaqla buna nail ola bilməz. Qapının toxunulmazlığını qorumaq mütləqdir. “Neftçi”nin buraxdığı qolların sayı ciddi narahatlıq doğurur.

“Ağ-qaralar” 9 oyunda qapısında 9 top görüb. Halbuki “Sabah”, “Qarabağ” və “Turan Tovuz” bu göstəricidə daha yaxşı nəticəyə malikdir. Hətta “İmişli” ilə “Kəpəz” də “Neftçi” ilə eyni sayda qol buraxıb.

Bu gün komandanın ən böyük problemi müdafiədə və qapıda inamlı təsir bağışlamaması, səhvlərin bir-birini əvəz etməsi, xüsusən də hesabda önə keçdikdən sonra üstünlüyü qoruya bilməməsidir. Başqa sözlə, “Neftçi”nin ənənəvi xəstəlikləri hələ də qalmaqdadır.

Bakılılar sovet dövründən özünə xas olan əzəməti hələ də qaytara bilməyib. Əvvəlki illərdən fərqli olaraq, heyətdə keyfiyyətli futbolçuların sayı artıb, hücumda da nisbətən effektiv oyun sərgilənir. Amma bu, çempionluq iddiası üçün kifayət deyil.

Razılaşaq ki, “Neftçi” indiki oyun və hazırlıq səviyyəsi ilə nəinki çempionluğa yaxın görünür, hətta ikinci pillə uğrunda mübarizədə də ciddi çətinliklərlə üzləşə bilər.

Klubun 90 illik yubileyində çempionluq arzusunu gerçəkləşdirmək istəyənlər üçün acı həqiqət budur -qol vurmaqla çempion olmaq mümkün deyil.

Bunun üçün qələbə qazanmağı, hesabı qorumağı və ən əsası, bir komanda kimi sabit çıxış etməyi bacarmalısan. “Neftçi” isə hələ bu səviyyəyə çatmayıb.

Təəssüf ki, bu gün belədir, sabah necə olacağını zaman göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti