Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin hansı yerlər uğrunda mübarizəni davam etdirəcəyi məlum olub.
Sportinfo.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda qrup mərhələsinin son oyununda Haitiyə 0:4 hesabı ilə məğlub olaraq, AF qrupunda doqquz xalla üçüncü yeri tutub.
Azərbaycan futbolçuları keçirdikləri beş görüşdə üç qələbə qazanıb və iki dəfə məğlub olublar.
Yarışın reqlamentinə əsasən, qruplarında üçüncü yeri tutan komandalar mübarizəni C divizionunda davam etdirəcəklər. Beləliklə, Azərbaycan millisi turnirin 189 iştirakçısı arasında 65-96-cı yerlər uğrunda yarışacaq.
C divizionunda 32 komanda çıxış edəcək. Onları pley-offun beş mərhələsi gözləyir.
Bununla belə, məğlubiyyət yarışdan kənarlaşdırılmaq demək deyil. Uduzan komandalar yekun sıralamadakı yerlərini müəyyənləşdirmək üçün digər məğlub kollektivlərlə qarşılaşacaqlar.
Beləliklə, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş oyun keçirəcək. Komandamızın turnirdəki görüşlərinin ümumi sayı ona çatacaq.
C divizionunun qalibi 65-ci yeri tutacaq. Eyni zamanda, altı divizionun hər birində ayrıca qalib müəyyənləşəcək. Lakin dünya çempionu titulunu yalnız A divizionunun ən güclü komandası qazanacaq.
Yığmamız əvvəlki qarşılaşmalarda Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Avstraliya ilə görüşdə komandamız 1:3 hesabı ilə uduzub.
189 ölkənin komandalarının iştirak etdiyi turnirdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Hövsan Yarış Kompleksində təşkil olunan dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.
















