Mərdəkan yay aylarında, xüsusən də bazar günləri daha çox insanın üz tutduğu qəsəbədir.
İlin digər vaxtlarında, o cümlədən oktyabrda bura giriş-çıxış kifayət qədər rahat olur. Həftə içi də, həftəsonu da vəziyyət, demək olar, dəyişmir. Ən yaxşı halda dənizkənarı yol boyunca yerləşən restoran və əyləncə mərkəzlərinin qarşısında müəyyən sıxlıq yaranır. Amma bu da ciddi tıxaclara səbəb olmur.
Ancaq oktyabrın 25-də, saat 17:00-dan etibarən Mərdəkana doğru hərəkətdə tamam başqa mənzərə vardı. Sanki şəhərdən qəsəbəyə avtomobil karvanı axışırdı. Bakının müxtəlif istiqamətlərindən gələn maşınların sayı getdikcə artırdı.
Səbəb isə bəlli idi: “Sabah” – “Qarabağ” qarşılaşması!
Məsələ burasındadır ki, “Sabah” ev oyununu ilk dəfə “Dalğa Arena” kimi tanıdığımız stadionda keçirirdi. Açığı, azarkeş izdihamının bu həddə çatacağı çoxları üçün gözlənilməz idi. Həm stadionun şəhər mərkəzindən uzaqda yerləşməsi, həm də havanın soyuq və yağışlı olması tribunaların dolacağına o qədər də ümid vermirdi.
Lakin Azərbaycan futbolsevərləri bütün bu amilləri arxa plana atdılar. “Sabah” – “Qarabağ” oyunu azarkeşləri stadiona cəlb etməyi bacardı. Yağış da, soyuq da, məsafə də futbol sevgisinin qarşısını ala bilmədi.
Əslində, bu mənzərə Azərbaycan futbolunda yeni reallığın formalaşdığını göstərir. Artıq ölkə futbolunda yalnız “Qarabağ” – “Neftçi” qarşılaşması xüsusi maraq doğurmur. “Sabah” – “Qarabağ” rəqabəti də prinsipial oyunlar sırasına qoşulub.
Dəfələrlə bunun şahidi olmuşuq. İstər Masazırda, istər Tofiq Bəhramov adına Respublika Stadionunda, istər “Azərsun Arena”da, bu dəfə də “Dalğa Arena”da. Stadionun hansı ərazidə yerləşməsindən asılı olmayaraq, bu iki komandanın qarşılaşması futbol ictimaiyyətinin diqqətini cəlb edir. Deməli, rəqabət artıq yalnız meydandakı mübarizə ilə məhdudlaşmır, azarkeşlər arasında da prinsipiallıq artıb.
Oyunla bağlı təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil edilmişdi. Stadionun ərazisinə avtomobillərin girişinə ciddi nəzarət olunur, buraxılış vərəqəsi olan nəqliyyat vasitələri üçün ayrılmış yerlərdən istifadə edilirdi. Digər azarkeşlər üçün isə əlavə parkinq zonası yaradılmışdı.
Stadiona giriş-çıxışın rahat təşkili məqsədilə polislər tərəfindən xüsusi hərəkət istiqamətləri müəyyənləşdirilmişdi. Nəticədə, azarkeşlər tribunaya daxil olmaqda və qarşılaşmadan sonra ərazini tərk etməkdə ciddi problemlə üzləşmədilər.
Oyunu izləyənlər arasında dövlət səviyyəsində təmsilçilər və FIFA-dan gələn qonaqlar da vardı. Əminəm ki, onlar da 90 dəqiqə ərzində zövq almağı bacardılar.
Bəli, “Sabah” – “Qarabağ” qarşılaşması əsl futbol tamaşasıydı. Bol qol vəziyyətləri, yüksək temp, gərgin mübarizə və sona qədər qorunan intriqa… Hər iki komanda qələbə üçün mübarizə apardı. Matçda çatışmayan yeganə şey qol idi. O da vurulsaydı, tortun üstündə gilas təsiri bağışlayardı.
Nəticədən asılı olmayaraq, bu qarşılaşma Azərbaycan futbolu adına müsbət mənzərə yaratdı. Çünki belə oyunlar təkcə meydandakı rəqabətlə ölçülmür. Tribunaların dolması, azarkeşlərin uzaq məsafəni qət edərək sevimli komandalarına dəstək verməsi də futbolumuzun inkişafının göstəricisidir.
Artıq Azərbaycan Premyer Liqasında diqqətçəkən qarşılaşmaların sayı artır, azarkeşlər isə stadionlara axın edirlər. “Qarabağ”, “Neftçi” və “Sabah”ın tərəfdarları tribunaları doldurmaqla bir növ paytaxtda dəb formalaşdırıblar. Bölgələrdə isə “Kəpəz” və “Turan Tovuz” azarkeşləri doğma komandalarına dəstək verməklə diqqət çəkirlər.
Qalan yeddi klubun azarkeşlərini də yaxın gələcəkdə stadionlarda daha çox görəcəyimizə ümid edirik. Çünki futbol yalnız meydanda oynayan 22 futbolçudan ibarət deyil. Futbolun ruhu tribunada, azarkeşin səsində, komandaya olan sevgidədir.
HƏBİB / SPORTİNFO.AZ
