Yaxşı xatırlayıram, ötən mövsüm “Qarabağ” və “Sabah” arasında gedən çempionluq mübarizəsi zamanı azarkeşlərin əsas narahatlığı ondan ibarət idi ki, “Sabah” çempion olsa, avrokuboklarda uğurlu çıxış edə bilməyəcək.
Belə olan halda heç olmasa “Qarabağ” çempion olsun ki, son illərdə gördüyümüz nailiyyətləri təkrar yaşaya bilək.
Bu narahatlıq da əsassız deyildi. Çünki belə bir təcrübəmiz olmuşdu. 2020/2021 mövsümündə “Neftçi” çempion olmuş, Avrokuboklarda oynadığı hər üç yarışda mübarizəni dayandırmışdı.
Amma “Sabah” bütün proqnozları alt-üst etməkdədir. Ən yaxşı halda Avropa Liqasına vəsiqə qazanacağını düşündüyümüz komanda ilk cəhdindəcə Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.
Ehtimal olunurdu ki, “bayquşlar” burada bütün rəqiblərinə asanlıqla təslim olacaqlar. Amma yenə tam fərqli mənzərə ilə üz-üzəyik.
Düzdür, “Mançester Yunayted”lə səfər oyununda böyükhesablı məğlubiyyət qeydə alındı.
Sonrakı matçlarda “Sabah” liqa mərhələsinə sadəcə iştirak etmək üçün vəsiqə qazanmadığını göstərməkdədir.
Öncə “Slaviya” məğlub edildi, ən son isə “Borussiya” ilə oyunda meydanda çox yaxşı “Sabah” gördük.
Valdas Dambrauskasın komandası Almaniya nəhənginə 90 dəqiqə ərzində layiqli müqavimət göstərdi.
Erkən buraxdığı qola rəğmən bərabərlik qolunu vurdu.
Hətta bir qolu ofsayd səbəbindən qeydə alınmadı.
Oyunun gedişində bir neçə dəfə fərqlənmək fürsəti də yarandı.
“Borussiya”nın rahat qələbə qazanacağı ilə bağlı proqnozlar özünü doğrultmadı.
“Bayquşlar” kifayət qədər yaxşı mübarizə apardılar.
Ötən mövsüm “Qarabağ”ın liqa mərhələsində nümayiş etdirdiyi mübarizəni bu dəfə “Sabah”dan görürük.
Görünən odur ki, “Sabah” bu üç xalla kifayətlənmək niyyətində deyil. Qarşıdakı görüşlərdə də aktivinə yeni xallar yazdıra bilər.
Bir sözlə, meydanda "Qarabağ" olmasa da, hələ ki onu layiqincə əvəzləyən bir komanda - "Sabah" var.
XANOĞLAN/ SPORTİNFO.AZ
