İspaniya çempionatının 10-cu turunda keçirilən “el klasiko”da dünən “Real” səfərdə “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib.
Bununla belə, “kral klubu”nun qələbəsi onun klub televiziyasını hakimlər briqadasının idarəçiliyini tənqid etməkdən çəkindirməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın klub televiziyasında yayımlanan proqramda qarşılaşma zamanı bir sıra epizodlarda VAR-ın müdaxilə etməməsi sual altına alınıb:
“Bir çoxu deyir ki, biz yalnız pis nəticələrdən sonra hakimləri tənqid edirik. Ancaq bu görüşdən sonra da deyəcəyimiz sözlər var.
Nə üçün VAR Joao Kanselonun Yan Diomande üzərinə ayaqla müdaxiləsi epizoduna qarışmadı?
Lamin Yamal və Çud Bellingemin yaşadığı epizod da nəzərdən keçirilmədi. Bəs Baldenin əlinə top dəyməsi ilə bağlı epizod niyə araşdırılmadı?”
“Real”a qələbəni Kilian Mbappenin dublu gətirib. “Barselona”nın yeganə qolunu isə Rafinya vurub.
