Bakı Olimpiya Stadionunda (BOS) ot örtüyü ilə bağlı müvafiq işlər oyun gününədək davam etdiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq BOS-un İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Slaviya" matçından əvvəl qazonun təxminən 3 həftəyə yeniləndiyini söyləyib:
"Bakı Olimpiya Stadionunun ot örtüyünün yenilənməsi prosesi ümumilkdə təxminən 3 həftəlik müddəti əhatə edib. Örtüyün yenilənmə prosesi zamanı UEFA nümayəndələrinin səfəri olub.
Amma bunu təkcə qazonla bağlı məsələlərlə əlaqələndirmək doğru olmazdı. Çünki UEFA rəsmilərinin səfəri ümumilikdə Çempionlar Liqası oyunlarına hazırlıq prosesi ilə əlaqədar olub.
Oyun gününə qədər ot örtüyü ilə bağlı müvafiq işlər davam etdiriləcək. Proses təkcə ilk oyun deyil, digər qarşılaşmalara qədər olan müddətdə də həyata keçiriləcək".
F.Abdulla Bakı Olimpiya Stadionunda digər işlərin də görüldüyünü diqqətə çatdırıb:
"Təbii ki, hansısa oyuna hazırlıq işləri təkcə ot örtüyünün bərpası, yenilənməsi və ya texniki qulluq işləri ilə məhdudlaşmır.
Söhbət Çempionlar Liqası kimi mötəbər turnirdən gedirsə, qarşılaşmaların keçirilməsi üçün çoxsaylı tələblər mövcuddur və bu istiqamətdə zəruri işlər görülüb və görülməkdədir".
"Sabah" Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək
