“Neftçi”ylə “Sabah”ın şəxsi görüşdə heç-heçə etməsindən sonra (0:0) “Qarabağ”ın əsas rəqiblərinə yaxınlaşmaq üçün əlinə yaxşı fürsət düşüb.
Ağdam təmsilçisi bunun üçün Yevlaxda “İmişli”ni məğlub etməlidir.
“Köhlən atlar” səfərdən 3 xalla qayıtsa, “Neftçi”, “Sabah” və “Qarabağ”ın aktivindəki xalların sayı 16-ya bərabər olacaq. Bu isə qarşıdakı turlarda çempionluq mübarizəsinin daha da qızışacağı deməkdir.
Bununla belə, “Qarabağ”ın əsas heyət üzvlərindən olan Pedro Bikalyo Sportinfo.az-a açıqlamasında “İmişli” ilə görüşün çətin keçəcəyini vurğulayıb.
Braziliyalı yarımmüdafiəçi rəqib üzərində qələbənin asan olmayacağını bildirib:
“Son vaxtlar yerli çempionatda hansısa oyunun asan keçdiyini xatırlamıram. ‘İmişli’ ilə səfər oyunu da bu baxımdan istisna deyil.
Bizi çətin mübarizə gözləyir. Amma fasilə zamanı yaxşı hazırlaşdıq və müsbət nəticə qazanacağımıza ümid edirəm”.
Yevlaxda süni örtüklü meydanda oynamağın çətinlik yaradıb-yaratmayacağına da toxunan Bikalyo bu amilin oyuna təsir göstərə biləcəyini etiraf edib:
“Təbii ki, fərqi var. Çünki biz məşqlərimizi təbii ot örtüyündə edirik. Ona görə oyunun süni meydanda keçirilməsi istənilən halda təsirini göstərir.
Amma hakim start fitini səsləndirəndən sonra bütün məsələləri unudub oyuna köklənməliyik”.
Oktyabrın 11-də keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB
