“Əlbəttə, bu günədək burada qalacağımı düşünə bilməzdim”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın sükanı arxasında keçirdiyi oyunların sayı ilə bağlı Peşəkar Futbol Liqasının mətbuat xidmətinə danışarkən deyib.
Ağdam təmsilçisi bu gün Azərbaycan çempionatları tarixində 1000-ci, Qurbanov isə komandanın baş məşqçisi kimi 562-ci matçına çıxacaq.
54 yaşlı mütəxəssis bu rəqəmin onun üçün də xoş sürpriz olduğunu bildirib:
“Doğrudan da çox ciddi rəqəmdir və burada mənim də adımın keçməsi özüm üçün böyük dəyər oldu. Əlbəttə, belə bir komandanın sükanı arxasında 562 oyuna çıxdığımı bilmirdim. Az oyun deyil. Buna özüm də sevindim. Bu illər ərzində çalışdım ki, belə gözəl və böyük klubu layiqincə təmsil edək. Bir daha göstərdik ki, klubu daha yaxşı yaşatmaq və daha uğurlu nəticələr əldə etmək lazımdır. Çünki bu komandanı sevənlər çoxdur, bu klubun haqqı çox böyükdür. Hər dəfə müsahibələrimizdə “Qarabağ”dan danışanda dəfələrlə bildirmişik ki, bu komanda ilə yaşayan, başqa sevəcəkləri olmayan 1 milyon köçkünümüz var idi. Amma artıq o ad üzərimizdən götürülüb və hamı daha rahat, daha sərbəst və daha ürəklə işləyir”.
Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi ilk oyununu da xatırlayıb. O, həmin görüşdə 2:1 hesablı qələbə qazandıqlarını və həlledici qolu matçın sonlarına yaxın vurduqlarını qeyd edib:
“Bu, həm də “Qarabağ”da ilk qalibiyyətimiz oldu. Əlbəttə, bu günədək burada qalacağımı düşünə bilməzdim. Çünki həqiqətən də çox məsuliyyətli klub, baş məşqçi kimi çalışdığım ikinci komanda idi. Rəhbərliklə yaxşı diskussiyalarımız və gələcək üçün planlarımız oldu. Səbrlə işimizi davam etdirdik və sonda Allah bizə böyük mükafat verdi – çempionluqlar, Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının əsas mərhələlərinə vəsiqələr verdi. Belə nəticələr göstərdik”.
Baş məşqçi “Qarabağ”ın müstəqillik dövründə 1000-ci oyununa çıxmasının da əlamətdar hadisə olduğunu vurğulayıb. O, bu qarşılaşmaların yarıdan çoxunda komandanın sükanı arxasında olmasını böyük nailiyyət kimi dəyərləndirib:
“İndi isə “Qarabağ”ın müstəqillik dönəmindəki 1000-ci oyuna çıxacağıq. Bunun da yarıdan çoxu mənim üzərimə düşürsə, məncə, bu, rəhbərliklə birlikdə böyük nailiyyətdir. Təki “Qarabağ” yaşasın, bu komandanın uğurları bol olsun. Bu komandaya 1000 oyundur azarkeşlik edənlərin sevindikləri və kədərləndikləri vaxtlar olub. İnanıram ki, gələcəkdə də sevinc hisslərinin sayı məğlubiyyət və kədərdən daha çox olacaq”.
“Qarabağ” 1000-ci matçını Yevlax şəhər stadionunda “İmişli”yə qarşı keçirəcək. Misli Premyer Liqasının VII tur matçı bu gün saat 16:00-da başlanacaq.
