Bu adama Premyer Liqada niyə iş verilmir? - AÇIQLAMA

Bu adama Premyer Liqada niyə iş verilmir? - AÇIQLAMA

"Karvan-Yevlax" bu dəfə çətin "Səbail" səfərindən xalla (1:1) qayıtmağı bacardı.

Matçdan sonra komandanın baş məşqçisi Ramiz Məmmədov Sportinfo.az-a geniş açıqlama verib.

O, ilk olaraq qarşılaşma barədə danışıb:

"Əvvəlcə uşaqlara təşəkkürümü bildirirəm. Verdiyimiz tapşırıqların demək olar ki, hamısını layiqincə yerinə yetirdilər. İstər meydana çıxan futbolçularımız, istər ehtiyatda qalan oyunçularımız, istərsə də həkimimiz, masajistimiz və inzibati heyətimiz – hamımız bir-birimizi çox yaxşı başa düşürük, mehriban münasibətimiz var. Qazandığımız uğur hamımızın əməyinin nəticəsidir. Bu uğuru yalnız öz adıma yaza bilmərəm. Bu, kollektivimizin ümumi uğurudur. Hər kəsin əziyyəti və töhfəsi var. Buna görə də hamısına təşəkkürümü bildirirəm".

Məmmədov davamında son illər birinci liqada çox uğurlu olmasının sirrinə toxunub:

"İlk öncə çalışdığım klubların rəhbərliklərinə minnətdarlığımı bildirmək istəyirəm. "Şamaxı" klubunun rəhbərliyində yer alan, Elçin müəllimə, orada çalışdığım dövrdə bizə etimad göstərən Müşfiq müəllimə, eləcə də icra başçısı Tahir müəllimə təşəkkür edirəm. Onlar bizə inandılar, biz də məşqçi heyətimizlə birlikdə göstərilən etimadı doğrultmağa çalışdıq.

"Mingəçevir" rəhbərliyində yer alan Rafael Bünyadova minnətdarlığımı bildirirəm. Bizə etibar etdilər, əməyimizə qiymət verdilər və komandanı uğura daşımağımıza şərait yaratdılar. Buna görə onların da böyük əziyyəti var.

Şahmar müəllimə də təşəkkür edirəm. Göstərdiyimiz nəticələrə görə bizi "Karvan-Yevlax"a dəvət etdi. Hazırda onun rəhbərliyi altında çalışırıq ki, komandanı uğura daşıyaq və yüksək liqaya yüksəldək.

Mənə elə gəlir ki, rəhbərliyin qoyduğu ciddi nizam-intizamın nəticəsində uğur qazanırıq. İntizam hər bir komandanın uğurunda mühüm rol oynayır. Bütün klublarda çalışmışıq ki, bizə göstərilən etimadı doğruldaq. Hansı liqada işləməyimizdən asılı olmayaraq, qarşımıza qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni edirik".

Məmmədov "Maraqlıdır, sizə Premyer Liqadan niyə maraq yoxdur" sualına isə bu cür cavab verib:

"Hansı liqada çalışmağımın fərqi yoxdur. İstər yüksək liqa olsun, istərsə də Birinci Liqa, əsas məqsədimiz bizə inanan klub rəhbərliyinin etimadını doğrultmaqdır. Məşqçi heyətimlə birlikdə rəhbərliyin qarşıya qoyduğu vəzifələri düzgün yerinə yetirməyə çalışırıq. Bizim işimiz budur. Harada çalışmağımızdan asılı olmayaraq, qarşımıza qoyulan məqsədi sonadək yerinə yetirmək üçün mübarizə aparırıq.

Bütün klublara uğurlar arzulayıram. Sizin kollektivə təşəkkür edirəm. Bizimlə maraqlanır, əməyimizi qiymətləndirirsiniz. İndiyədək çalışdığım klublardan xoş təəssüratlarla ayrılmışam. Bütün klub rəhbərliklərinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. İnsan əməyinə qiymət veriləndə bundan məmnun olur. Ən əsası isə Yaradanın verdiyi qiymətdir. Çox sağ olun".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti