Transferlərə milyonlar xərcləyən “Neftçi” nə vaxt çempion olacaq?

15:00 Neftçi 302
Transferlərə milyonlar xərcləyən “Neftçi” nə vaxt çempion olacaq?

«Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq».

Bəh-bəh.

Çoxdandır «Neftçi»nin hansısa baş məşqçisinin dilindən bu sözü eşitməyə tamarzı idim.

Neçəsindən gözlədim, olmadı, eşitmədim. Nəhayət, Yuri Vernidub «Neftçi»də keçirdiyi 10-cu ayda o həsrəti bitirdi.

Öz aramızdır, nə gözəl deyib!

Çox xoşuma gəldi, açığı. «Neftçi»nin çempionluğa layiq oyununu mənim kimi nə qədər insan gözləyir. 90 yaşlı brendə yaraşan yalnız bu olar.

Ona nə qədər qalıb? Mən Vernidub deyil, bilmirəm. Təxminlərimə görə, bu period bir az çəkəcək.

Əsas odur ki, o yöndə çalışma, irəliləyiş var. Dünənki oyunu misal gətirərdim.

Emin Mahmudovu sonadək, Freddi Varqası ikinci hissənin ortasınadək ehtiyatda saxlayan Vernidub yeni «Neftçi» yaratmaq yolunda olmasının mesajını verdi.

Qaçmayan, yaxud az qaçan oyunçuları sevməyən baş məşqçinin Mahmudovla Varqasa münasibətinin arxasında kökaltı səbəb axtarmayın.

Səbəb elə torpağın üzündədir. Onlar komandaya sürət vermirlər, onun sürətini azaldırlar.

Rəhbər masasında əyləşənlər istədikləri komandanı formalaşdırmaqdan yana səxavətli davranır. Əksəriyyətinizin xəbəri yoxdur, son 5-6 transferə görə bir neçə milyon dollar təzminat ödəyiblər.

Bu, «Neftçi»nin tarixində bir ilkdir, çox böyük yenilikdir. «Sabah» və «Qarabağ»la ayaqlaşma yönündə xərclənən paraların qarşılığının meydana, tabloya, nəticəyə yansımasını gözləyin.

«Sabah»a cari mövsümün ilk badalağını vuran komandadan naümid olmayın. Sezonun başına göz atsaq, «Neftçi» bu dəfə aqressiv, döyüşkən, ruhsal tərzi ilə tərəzinin bir gözünü öz tərəfinə əydi.

Bassala Sambunun son dəqiqədə başla qapının uzaq küncünə fırlatdığı topa Stas Pokatilovun inanılmaz reaksiyasına da üzülməyin.

Meydanın hər qarışı uğrunda mübarizə eşqi sönməyəcəyi təqdirdə, «Neftçi» tərəfdarı sevinc göz yaşlarına boğulacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti