“Millidə nə xarici, nə yerli - Lixtenşteyni udacaq səviyyədə məşqçimiz olmayıb. Ən əsası, normal futbolçu yetişməyib”.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist UEFA Millətlər Liqasında «cırtdanlar»ın müqavimətini qıra bilməyən komandanın oyunçularını sərt tənqid edib.
O, D Liqasının 2-ci qrupu çərçivəsində Bakıda qeydə alınan qolsuz bərabərliyin iştirakçılarını belə qınayıb:
Məşqçi istənilən halda günahkardır. Bunu bildik.
Bu futbolçularda yəni bir utanmaq, qürur hiss-zad yoxdur? İndi bəziləri elə danışır, sanki günahkar tək Ayxan Abbasovdur.
Sanki təriflədikləri Canni De Byazinin dövründə Maltaya, Qazaxıstana, Latviyaya uduzub, Estoniya ilə 0:0 oynamamışıq.
De Byazi tələbat duyulan məşqçi olsaydı, 3 ildir Azərbaycandan gedib, hələ də iş təklifi almayıb. Həmçinin 1 ildir evdə oturub Bakıdan apardığı milyonların kefinə baxan Fernando Santoş.
Elə məqçilər normal komandada işləyə bilər. Albaniyanı Avropa çempionatına çıxarar, Portuqaliyanı Avropa çempionu edər.
Daha bizim ayağı düz-əməlli top tutmayan futbolçuların komandasında yox. Fikrimdə də qalıram.
Belə oyunçuları olan milliyə milyonlar xərcləyib, xaricdən baş məşqçi gətirmək axmaqlıqdır. Milləti dolamaq və ya kimlər uçunsə qazanc imkanıdır.
İlk növbədə səviyyəli oyunçular olmalıdır.
Biz media olaraq komandaya lazımı anda dəstək verdik - Fransaya uduzanda «başa düşdük» dedik. Onda döyüşdüz, mübarizə apardız, sağ olun. Ukraynadan xal aldız, dedik, «bərəkallah»!
Yaxşı bu poçtalyon, pizzabişirən, mühəndisdən ibarət yarımpeşəkar komandanı uda bilməməyinizə nə ad verək?
Hərə öz payını götürsün. Əsas da futbolçular.
Mahir Emrelinin etiraf etdiyi kimi, hamınızın üzərində bir ömürlük ayıb kimi qalacaq».
