Oktyabrın 3-də Türkiyə nəhəngi “Fənərbağça” Bakıya gəlir. "Sarı-lacivərd"lər “Turan Tovuz”la yoxlama oyunu keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Sosial şəbəkələrdə oyunun afişası yayılandan sonra ən çox verilən suallardan biri də budur - oyun niyə Tovuzda, yaxud Tovuza yaxın ərazidə yerləşən və yeni istifadəyə verilmiş Gəncə şəhər stadionunda keçirilmir?
Gəlin, bu suala aydınlıq gətirək ki, məsələ tam başa düşülsün.
Tovuz şəhər stadionu logistika baxımından belə bir oyunu keçirməyə o qədər də əlverişli deyil. Həm stadionun tribunalarının tutumu, həm də digər təşkilati və logistika məsələləri nəzərə alınaraq “Turan Tovuz” rəhbərliyi bu variantı məqsədəuyğun hesab etməyib.
Gəncə şəhər stadionuna gəlincə, əslində klub rəhbərliyi bu variantı da nəzərdən keçirib. Hətta “Fənərbağça” ilə oyunun Gəncədə keçirilməsi planlaşdırılıb.
Lakin həmin vaxt danışıqların getdiyi ərəfədə Azərbaycan–Litva oyununun oktyabrın 4-də Gəncə şəhər stadionunda keçirilməsi gündəmdə olub. Bu səbəbdən “Turan Tovuz”un Gəncə planı baş tutmayıb.
Beləliklə, klub rəhbərliyi məcburən Bakıya – Tofiq Bəhramov adına Respublika stadionuna üz tutmalı olub. Stadion rəhbərliyi ilə bütün detallar razılaşdırılıb, oyunun burada keçirilməsi ilə bağlı məsələlər həllini tapıb.
Daha sonra isə məlum olub ki, Azərbaycan–Litva oyununun Gəncədə keçirilməsi baş tutmayacaq. Həmin görüşün "Palms Sports Arena"da təşkil olunması qərara alınıb.
Amma bu mərhələdə artıq geri dönüş “Turan Tovuz” üçün çətinləşib. Çünki həmin vaxta qədər oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ilə bağlı demək olar ki, bütün məsələlər həll olunub və hazırlıqlar da bu istiqamətdə aparılıb.
Yəni məsələ “Turan Tovuz”un Gəncəni istəməməsi və ya Bakıya üstünlük verməsi ilə bağlı deyil. Sadəcə, prosesin gedişində yaranan şərtlər və vaxt məsələsi “Fənərbağça” ilə oyunun Bakıda keçirilməsini zəruri edib.
XANOĞLAN/ SPORTİNFO.AZ
