Builki məqsədi Premyer Liqada qalmaqdır «Kəpəz»in.
Məlum məqsədə çatmaq yolunda əsas rəqiblərindən biri də «Araz-Naxçıvan»dır.
Bu mənada Şamaxıda keçirilən matçın dəyəri 6 xal idi.
«Kəpəz» birinci sınaqdan üzüağ çıxdı və xallarının sayını 10-a çatdırdı.
Düzdür, qiymətləndirmə aparmaq hələ çox tezdir, mövsüm uzun, qrafik sıxdır. Bununla belə, deməliyik: klub rəhbərliyi arxasında dayandığı müddətcə Azər Məmmədova zaval yoxdur, işləyəcək.
Ümumən, «Kəpəz» ətrafında sakitlik hökm sürəndə, söz-söhbətin ayağı düşərgədən kəsiləndə, vəziyyət sabitləşir, nəticələr normallaşır.
İndi yaxşı həm də budur ki, Gəncə azarkeşi də öz məşqçisinə, doğma komandasına inanır və etimad bəsləyir.
İdarə Heyətinin sədri Anar Abdullayevin xidmətini gərək qeyd edək: tərəfdarla klub arasında körpü sala, bağ yarada bilib. Az iş deyil ha!
«Kəpəz» basqıdan azad olub. Məmmədovun üzərindəki psixoloji yükü azaldan bu amil futbolçuları yalnız nəticəyə fokuslayıb.
Narahatlıq yoxa çıxıb və bu, «Araz»la qarşılaşmanın yekununda da öz əksini tapdı. Şəhər komandasına sahiblənəndə, iç savaşlar dayananda bərəkət də olur.
Azər Məmmədov qismətindən razı qalmalıdır. Basqıdan uzaqlığın gətirdiyi mənəvi rahatlıq onu «Kəpəz»in son illərdəki ən uğurlu məşqçisi edib.
Niyə ki, «Kəpəz» axır mövsümlərin heç birinə belə uğurlu start verə bilməmişdi.
ELXAN
