Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun oyununa hazırlaşmaqda çətinlik çəkib.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fuad Yanqildin jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis II təsnifat mərhələsində Kiprin APOEL kollektivini 40:18 hesabı ilə məğlub etdikləri matçla bağlı fikirlərini bölüşüb:
"Komandanı oyuna hazırlaşdırmaqda çətinlik çəkirdik. Uzun müddətdən sonra ilk oyunumuz idi.
Çempionatımızın olmaması bizə çox pis təsir edir. Həndbolçularımızın oyun praktikası yoxdur. İki ay ancaq öz aramızda oyunlar təşkil etmişik".
F. Yanqildin oyunçuların qarşılaşmaya gərgin başladığını söyləyib:
"Qızlar oyuna bir az gərgin başladılar. Top itkiləri var idi. Sonradan toparlandıq və öz oyunumuzu nümayiş etdirə bildik.
Bu qələbə komandada inamı artıracaq. Mərhələ keçəcəyimizə inanırıq. Növbəti raundda da bacarığımızı göstərməyə çalışacağıq.
Hazırkı rəqiblə bağlı çox məlumatımız yox idi. İlk dəfədir ki, avrokuboklarda çıxış edirdilər.
Bizim hədəfimiz həmişə yüksəkdir. Sabahkı oyundan sonra növbəti rəqibimiz bəlli olacaq".
Tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
