Bir illik aradan sonra Premyer Liqaya qayıdan "Şamaxı"ya hələ də doğma publika önündə çıxış etmək müəssər olmayıb.
Səbəb avrokuboklarda çıxış edən klublarımızdır.
Arxada qalan 3 turda "şirlərin" "Qarabağ"la matçı təxirə salınıbsa, "Sabah"la matçının isə yeri dəyişdirilib.
Ayxan Abbasovun kollektiv 4-cü turun "Zirə" ilə ev matçını da bu gün səfərdə keçirməli olacaq.
Qısası, komanda yalnız səfər meydanında oynamağa məhkum edilib.
Maraqlıdır, belə qarışıq, xoş olmayan təqvimdə çıxış etmək bölgə klubuna mənfi təsir edə bilərmi?
Sorğumuza cavab olaraq komandanın baş məşqçisi Ayxan Abbasov bunları dedi:
"Evdə oynamağı çox istərdik. Həm azarkeş üstünlüyümüz var, həm də komanda olaraq daha rahat olardıq.
Amma başa düşürük ki, çempionatın əvvəlidir və klublarımız avrokuboklarda iştirak edirlər. Onları da başa düşmək lazımdır.
Əlbəttə, təxirə salma bizə xoş deyil. Yeni komandayıq, təzə gələn futbolçular ab-havaya uyğunlaşmayıb.
Tam formaya düşmək üçün çempionat oyunları vacibdir. Lakin bir daha qeyd edim ki, söhbət klublarımızın avrokuboklarda uğurlu çıxış etməsindən gedirsə, güzəştə getmək lazımdır.
Qarşıda "Neftçi" ilə ev oyunumuz var. Ardınca milli komandaya görə fasilə yaranacaq. Ümid edirəm ki, fasilədən sonra çempionat bizim üçün öz axarı ilə davam edəcək".
XANOĞLAN/SPORTİNFO.AZ