"Niyə də üst pillələr olmasın?" - Bölgə klubundan iddialı açıqlama gəldi

22:20 Şamaxı 118
"Niyə də üst pillələr olmasın?" - Bölgə klubundan iddialı açıqlama gəldi

"Şamaxı"nın müdafiəçisi Oruc Məmmədov Premyer Liqanın 6-cı turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri (2:1) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Çətin qələbə alındı. Nələr deyə bilərsən?

- İlk ev oyunumuz idi. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Buna da nail olduq. Şükürlər olsun ki, qələbə qazandıq.

- Mövsümə bu qədər uğurlu start verəcəyinizi gözləyirdin?

- Düzdü, klubun məqsədi liqada qalmaq idi. Amma gedişatda görürük ki, niyə də üst pillələr olmasın? Böyük klublara xal baxımından yaxınıq. Hədəfimiz yüksəkdir. Nə qədər üst sıralara qalxa bilsək həm kollektiv, həm də karyeramız üçün yaxşıdır.

- Liqanın ən aşağı büdcəsi "Şamaxı"dadır. Bunun fonunda belə nəticələr qazanmağınızın sirri nədir?

- "Şamaxı" neçə illərdi büdcə aşağı olsa da 7-8-ci pillələrdə olur. Komanda xarakter üzərində qurulub. Keyfiyyətli oyunçularımız və yaxşı gənclərimiz var. Allah da mükafatımızı verir.

- Legioner limitinin ləğvinə rəğmən "Şamaxı" yenə yerli gənclərə güvənir. Və görünən odur ki, ümidləri doğrulda bilirsiniz. Bunu "bizə güvənin" mesajı kimi qəbul etmək olar?

- Bizim liqada çox yaxşı yerli uşaqlar var. Onlara güvənmək lazımdır. "Şamaxı" bunu edir. Bizə şans verilsə, milli komandalarımıza da yaxşı oyunçular qazanmış olarıq.

- Uğurlu qrafikdə idiniz. Milli fasilə həmin nizamı poza bilər?

- Ola da bilər, olmaya da bilər. Komanda fasilədə daha çox güc toplaya bilər. Mental məsələdir. İnanaq ki, bizə fayda verər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti