Milli komandada seçimlər hər zaman müzakirə obyektinə çevrilib.
Baxmayaraq ki, bizim yığmada elə də geniş heyət seçimi yoxdur. Bəlli bir futbolçu ordusu var və baş məşqçi əsasən həmin oyunçular arasından seçim edir. Amma istənilən halda müzakirələr yaranır.
Təbii ki, heç bir baş məşqçi istəməz ki, daha yaxşı futbolçunu kənarda saxlayıb, daha zəifini heyətə götürsün.
Çünki sonda nəticə, yaxşı oyun və uğur ilk növbədə milli komandanın baş məşqçisinə lazımdır.
Bununla yanaşı, hər seçimdə, hər qərarda baş məşqçinin öz həqiqətləri, öz arqumentləri ola bilər.
Onun baxış bucağından həmin qərar doğru görünə bilər.
Amma məsələnin bir də kənardan görünən tərəfi var – jurnalist üçün, azarkeş üçün.
Bu baxımdan, məsələn, Zamiq Əliyevin milli komandadan kənarda qalması hamını üzür.
Zamiq artıq üç mövsümdür ölkə xaricində legioner həyatı yaşayır, amma nədənsə hər dəfə milli komandadan kənarda qalır.
Bu, Ayxan Abbasovun dövründə başlayan qərar deyil. Məsələ Fernando Santosun dönəmindən başlayıb və bu gün də davam edir.
Məsələnin kökü isə Azərbaycan–Belarus yoxlama oyununa gedib çıxır. Həmin matçda, 0:2 hesabı ilə başa çatan oyunda Zamiq ikinci qoldan əvvəl səhvə yol verdi və rəqib də həmin epizoddan sonra fərqləndi. Cəmi beş dəqiqə sonra əvəzləndi. Bu, onun millidə sonuncu oyunu oldu.
Bir səhvə görə futbolçunun bu qədər uzun müddət milli komandadan kənarda qalması nə dərəcədə ədalətlidir?
Zamiq Albaniyada “Eqnatya”nın əsas heyət futbolçusudur. Titullar qazanıb.
3 mövsümdə 85 oyunda meydana çıxıb, sabit çıxış edib. Oyun təcrübəsi var, Avrokubok təcrübəsi var, Avropada müntəzəm oynayır. Üstəlik, bu müddətdə hansısa ciddi səhvlə gündəmə gəlməyib. İntizamlı futbolçudur.
Bütün bunların fonunda Zamiqin milli komandadan kənarda qalması ən azı haqlı suallar doğurur.
Axı sabitlik var, oyun təcrübəsi var, legioner təcrübəsi var, Avrokubok təcrübəsi var. Belə olan halda onun millidə niyə şans qazana bilməməsinin futbol ictimaiyyətinin müzakirəyə çevrilməsi heç də məntiqsiz deyil.
XANOĞLAN/ SPORTİNFO.AZ
