Bakıda oktyabrın 3-də adi yoldaşlıq oyunu keçirilməyəcək.
Bu, 32 il sonra yenidən yazılan futbol tarixidir!
“Turan”la “Fənərbağça” 1994-cü ilin avqustunda UEFA Kubokunda üz-üzə gəlmişdi.
Həmin qarşılaşma Azərbaycan futbolunun Avropa səhnəsində ilk addımlarından biri kimi tarixə düşmüşdü. “Turan” həmin vaxt ölkəmizi UEFA Kubokunda təmsil edən ilk klub olmuşdu.
İndi isə tarix yenidən canlanır. Aradan 32 il keçib və “Turan Tovuz!la “Fənərbağça” bu dəfə Bakıda, qardaşlıq matçında qarşılaşacaq. Amma rəqibin adı və komandaların keçmişi nəzərə alınanda bu oyuna sadəcə “yoldaşlıq görüşü” demək çətindir.
Sportinfo.az xəbər verir ki, qarşılaşmaya maraq artıq pik həddə çatıb. 20 min azarkeş indidən biletini alıb.
Matç gününə qədər satışın davam edəcəyini nəzərə alsaq, Tofiq Bəhramov adına Respublika Stadionunda boş yer qalacağına inanmaq çətindir.
Üstəlik, tribunaları yalnız tovuzlu azarkeşləri doldurmayacaq. “Fənərbağça”nın Azərbaycandakı böyük azarkeş kütləsinin də bu matça ciddi maraq göstərməsi Bakıda əsl futbol atmosferinin yaranacağını vəd edir.
32 il əvvəl UEFA Kubokunda başlayan hekayə indi başqa formatda davam edir. Bu dəfə komandalar avrokubok xalı və ya mərhələ adlamaq uğrunda deyil, tarix, prestij və futbol sevgisi uğrunda meydana çıxacaqlar.
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
